Dəmir yolu nəqliyyatına maraq da artıb, tələbat da

Tıxaclardan bezənlərin bu nəqliyyata üstünlük verməsi tamamilə normaldır

“Sərnişin tələbatı nəzərə alınaraq, hesab edirəm ki, bu istiqamətdə daha ciddi işlər görülməli, dəmir yolu nəqliyyatının hərəkət intensivliyi təmin edilməlidir”

  2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC (AYD) 5 milyon 136 min sərnişin daşıyıb.  Bu, 2021-ci illə müqayisədə 84 faiz çoxdur. Ötən il daşınmış sərnişinlərin 5 milyon 8 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir. "İl ərzində Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əlavə qatarlar xəttə buraxılıb. 2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub”, - deyə qurum bəyan edib. Xatırladaq ki, koronavirus (COVID-19) pandemiyasından əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 milyon 875 min 729 sərnişin daşınıb.

  Sərnişinlərin dəmir yollarından istifadəyə daha çox önəm verməsi nəylə bağlıdır? Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, burada iki səbəb var: 

- Birincisi, əsas problem tıxaclardır. Hər gün hansı yollarda tıxac olduğu rəsmi şəkildə açıqlanır. Baxırsan ki, paytaxt üzrə avtomobillərin əsas hərəkət yollarında tıxaclar yaşanır. O cümlədən də Bakı-Sumqayıt magistral yolunda. Mərkəzdən “20 yanvar” dairəsinədək, oradan da şəhərətrafı bütün istiqamətlərdə - Sulutəpə, Xırdalan, Masazır, həmçinin də Sumqayıt şossesində avtomobillər, sərnişinlər saatlarla tıxacda qalır.  Dəmir yolları bu baxımdan daha rahat yerüstü nəqliyyat vasitəsidir. Doğrudur, Bakı-Sumqayıt-Bakı qatarının intervalı ilə bağlı narazılıqlar olur, gecikmələr baş verir. Lakin yenə də saatlarla tıxacda qalmaqdansa, dəmir yolu ilə hərəkət daha münasibdir. 

Bu mənada  "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatı həqiqəti əks etdirir. Ötən il daşınmış 5 milyon 136 min sərnişinin 5 milyon 8 mininin Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aid olması onu göstərir ki, dəmir yolu nəqliyyatına maraq da artıb, tələbat da. Bakı-Sumqayıt qatarı da Abşeron dairəvi dəmir yolu xəttinə aiddir. Tıxaclardan bezənlərin dəmir yolu nəqliyyatına üstünlük verməsi də tamamilə normaldır. İkinci səbəb isə avtobus çatışmazlığı ilə əlaqədardır. Yay aylarında daşıyıcı şirkətlər xəbərdarlıq etmişdi ki, bu sahədə problemlər var, avtobuslar köhnədir, istismara yararsızdır, eyni zamanda gediş haqqının rentabelli olmaması da kəskin problem kimi özünü göstərir. Bildirmişdilər ki, vəziyyətin dəyişməsi üçün konkret addımlar atılmasa, ictimai nəqliyyatın hərəkətində problemlər yaranacaq. Xəttə daha az avtobus çıxacaq. Dedikləri kimi də oldu. 

Hazırda görünür ki, daha az avtobus  marşruta  buraxılır, sərnişinlər dayanacaqlarda uzun müddət gözləməli olurlar, sonra da sıxlıq yaranır. Daşıyıcı şirkətlər gediş haqqının qaldırılmaması müqabilində dotasiya tələb edir, bu məsələ isə hələ ki həllini tapmayıb. Əslinə qalsa, daşıyıcı şirkətləri çox da qınamaq olmur. Ümumi vəziyyət onlara da təsir edir. Odur ki, sərnişinlər dəmir yollarından istifadəyə üstünlük verir.

 Sərnişin tələbatı nəzərə alınaraq, hesab edirəm ki, bu istiqamətdə daha ciddi işlər görülməli, dəmir yolu nəqliyyatının hərəkət intensivliyi təmin edilməlidir. Bu həm sərnişinlərin rahatlığını təmin edər, həm də tıxaclardan xilas yolu olar. 

  E.Cəfərov qeyd etdi ki, ümumilikdə Azərbaycan dəmir yollarında qatarların hərəkətinə məhdudiyyət pandemiya ilə əlaqədar qoyuldu. Pandemiyanın aradan qalxması ilə dəmir yollarının bir qismi hərəkət üçün açıldı. Sürət qatarları xəttə buraxıldı. Bakı-Gəncə-Bakı sərnişin qatarının hərəkəti bərpa edildi. Amma məsələn, daha çox sərnişin tələbatı yaşanan Bakı-Qazax-Bakı sərnişin qatarının hərəkəti hələ də bərpa edilməyib. Ölkəmizin qərb regionlarına qatarlar işləmir: 

- Bunun da səbəbi odur ki, hazırda dəmir yollarının xeyli hissəsinin yenilənməyə ehtiyacı var. Həm dəmir yolları yenilənməlidir, müasir standartlara uyğunlaşdırılmalıdır, həm də vaqonlar. Belə məlumatlar var ki, 2024-cü ilin əvvəlinədək bu prosesin başa çatdırılması gözlənilir. Belə olarsa, 2024-cü ildə yəqin ki, Bakı-Qazax qatarı da hərəkətə gələcək.