Kənd sakinlərinin həyatı təhlükədə 

Tovuzun Ağbaşlar kəndində elektrik dirəkləri və naqilləri qəzalı vəziyyətdədir

“Yəni istehlakçıya vurulan zərərə görə məsuliyyət daşımırlar. Bu səbəbdən elektrikə çatım məsələlərində geridə qalmışıq"


Tovuzun Ağbaşlar kəndində elektrik dirəkləri və naqilləri qəzalı vəziyyətdədir. Problem uzun illərdir həllini tapmayıb. Sakinlərin həyatı üçün təhlükə yaranması azmış kimi, qeyri-sabit hava şəraitində elektrik enerjisi kəsilir. Baku TV-yə danışan kənd sakini deyir: “Külək əsəndə, yağış, qar yağanda işıq üzünə həsrət qalırıq. Hətta qar yağanda günlərlə işıq olmur”. Sakinlər bildirir ki, çox vaxt naqillərdə hər hansı problem yarandıqda məcbur qalıb, özləri düzəldirlər.

Durumu şərh edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, istismar müddəti başa çatan elektrik dirəkləri mütləq dəyişdirilməlidir:

"Paylayıcı qurum olaraq ”Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tədbir görməlidir. Onlar məsələyə əncam çəkməlidilər. Əgər qəzalı vəziyyət yaranıbsa və nəticədə insanlara ziyan dəyirsə, "Azərişıq" məsuliyyət daşımalıdır. 

Kommunal sahədə fəaliyyət göstərən monopolistlərə qanunvericiliklə məsuliyyət nəzərdə tutulmayıb. Yəni istehlakçıya vurulan zərərə görə məsuliyyət daşımırlar. Bu səbəbdən elektrikə çatım məsələlərində geridə qalmışıq".