Kimə yaxınlaşdı, bir-bir öldü!

 Oskarın sirri bir çox xəstəlikləri sağalda bilər

  Hansı xəstəyə yaxınlaşırdısa, qısa müddət sonra xəstə həyatla vidalaşırdı. Tibb bacıları əvvəlcə buna diqqət etməyib. Ölü sayı 50-ni keçincə, vəziyyəti araşdırmaq qərarına gəliblər. Nəticə həyəcanverici olub. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, söhbət Oskar adlı pişikdən gedir. Oskar ABŞ-nin Rhode İsland ştatındakı Providens şəhərində yerləşən və altsheymer xəstələrinə xidmət göstərilən sığınacağın sakinidir. Onu dünyada məşhurlaşdıransa sahib olduğu əlahiddə duyğu qabiliyyətinin olmasıdır. Sığınacağın sakini olan pişik hansı xəstəyə yaxınlaşıbsa, həmin adam qısa müddət keçdikdən sonra vəfat edib. 

Bunu nəhayət fərq edən sığınacaq həkimləri pişiyə diqqət etməyə başlayıb. Məlum olub ki, bu pişik xüsusi duyğu hissinə malikdir. O, hansı xəstənin yaxın günlərdə vəfat edəcəyini hiss edir. 

O, xəstəyə yaxınlaşır. Və bu hissi onu yanıltmır.  Həqiqətən də heyvanlar, o cümlədən pişiklər insanın ölümünün yaxınlaşdığını hiss edirmi? Bu məsələni türkiyəli professor Tamer Dodurka araşdırıb. Heyvanların insanlar üzərində təsirini anladan professor bildirib ki, heyvanlarla insanlar arasında güclü bağlılıq olduğu tarixdən məlumdur. 

Bəzən pişiklər ölümün qoxusunu ala bilir, insanın başına gələcəkləri hiss edir və mənəvi, psixoloji dəstək üçün ona yaxınlaşır. Oskar adlı pişiyin davranışlarında məhz bu müşahidə edilib. Sığınacağın həkimi David Dosanın araşdırması gerçəyi üzə çıxarıb. Professor T.Dodurka tarixdə bu cür hadisələrə çox rast gəlindiyini deyib. Heyvanların iştirakı ilə müalicə terapiyası hələ 19-cu əsrdə mövcud olub. 

Məşhur Ziqmund Freyd  psixi və sinir xəstələrinin müalicəsində heyvanlarla müalicə üsulundan istifadə edib. 1976-cı ildə isə heyvanlarla müalicə üsulu fiziki xəstəliklərin müalicəsində istifadə edilib. Bu terapiya üsulundan indi də ABŞ və İngiltərədə geniş istifadə edilir. Amerika və Avropada daha çox it və pişiklərə üstünlük verilən müalicə üsulu Türkiyədə fərqli vasitə ilə - atlarla aparılır.  

Tamer Dodurka Rumeli Universitetinin rektorudur, veterinar və daxili xəstəliklər üzrə professordur. 

Onun bildirdiyinə görə, heyvanların psixiatriya, nevrologiya, qan təzyiqi, ürək-damar xəstəlikləri, əzələ və sinir xəstəlikləri, fiziki qüsurların müalicəsi və aradan qaldırılmasında istifadə edilə bilər. Heyvanların şəfaverici gücündən müalicələrə kömək məqsədilə istifadə edilməlidir. 

“12 yaşlı zehni problemli uşaqlarla bağlı tədqiqatda uşaqları vaxtaşırı heyvanlarla  bir araya gətirdik. Bir qız uşağı əvvəlcə itdən qorxsa da, sonra ona sarıldı, öpməyə başladı. Və bizdən itin tüklərini daramaq üçün fırça istədi. İtin tüklərini daradı və yenə ona sarılıb “mən səni çox sevəcəm, həmişə tüklərini darayacam və səni tək qoymayacağam”, dedi. 

Öyrəndik ki, bu uşağı anası atıb gedib. Demək, uşaq iti özünə dost seçməklə tənhalıqdan xilas olmağın yolunu tapıb, bununla daxilindəki küskünlüyü xaricə çıxarıb özünü mənəvi müalicə edirmiş”.