Bakıya gələnlər qeydiyyata düşməlidirlər! –“Bu, alınmayacaq”

Son günlər sosial şəbəkələrdə rayondan Bakıya gələn və 2 həftədən çox qalan şəxslərin yaşadıqları yerə yaxın polis bölməsində qeydiyyata düşməli olduqları ilə bağlı məlumatlar yayılıb. Əks halda onların cərimələnəcəyi iddia edilir.
 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumatın doğru olduğunu bildirib.
"Yaşayış yerindən kənarda 60 gün müddətində yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.

Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə olunur".

Bununla bağlı "Sherg.az " a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, bu   qanun çoxdan mövcuddur. Tətbiq edə bilmirlər, indi də alınmayacaq:

“Atılan addımlar düzgündür, ancaq  icra mexanizmi yoxdur. Bu maddə 8 ildir  var. Ondan əvvəlki məcəllədə də mövcud  idi. Mənim fikrim odur ki, bəli vətəndaşlarımız da, əcnəbi də olduğu yer haqqında məlumat verməlidir. Ölkədə 15 gündən artıq qalan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bunu edir. 

Əks halda ölkədən çıxanda 400 manat cərimə olunur və ya deportasiya edilə bilir. Lakin yerli vətəndaşlar illərlə yaşayış yerindən ayrılır, gəlib kirayədə qalır və bu  barədə məlumat vermir. İndi bunun qarşısını almaq istəyirlər. Amma  çox çətin məsələdir".

Şərqiyyə NƏBİ