Məşhur bir ifadə var: Hər kəsin polisi öz vicdanıdır. Amma sual hasil olunur: Hamı vicdanlıdırmı? Cavab aydındı. Bu üzdən bəzən cəmiyyətdə vicdansızlıq toxumu səpmək istəyən qüvvələrə qarşı şərəfli polislərimiz mübarizə aparırlar. Cəmiyyətdə asayişi, nizam-intizamı təmin edirlər.
Bu asandırmı? Əlbəttə, xeyr! Bir ailədə yaranan xaosu aradan qaldırmaq müşküldürsə, görün, milyonlarla insanın bir-birinə münasibətini tənzimləmək üçün polislərimiz hansı əziyyətlərə qatlanmalı olurlar. İş bununla bitmir axı. Bəzi xarici xüsusi xidmət orqanları və agentura şəbəkəsinin ideoloji işinə qarşı mübarizə isə ayrıca bir risk məsələsidir. İşin bir ucunda xalqın, dövlətin yaşamı, var oluşu digər ucunda polisin ölümü, şəhidliyi dayanır. Yəni ölkənin, xalqın, vətənin bütünlüyü və bütövlüyü yolunda polis nəfəri canından belə keçir. Yəni bu məmləkətdə polis olmaq həm də varlığından, bala sevgisindən, ata qayğısından, yar sevdasından könüllü şəkildə imtina edib, vətənə qəlbən mübtəla olmaq, torpağa, xalqa vurulmaq deməkdir.
Əlbəttə, hər sahədə olduğu kimi, bu sahədə də xəbislər, marazma uğrayanlar var. Amma məsələ o ki, yaxşılar çoxdur, həm də lap çox...
Əziz oxucular, sizə Əfqan və Qarabağ veteranı, 2-ci qrup əlil Əli Qaragözovun polis əməkdaşlarının davranışları ilə bağlı şahidi olduğu bir hadisəni təqdim edirik:
“Bakıdan Qazağa gələrkən Zəyəm ərazisində gördüyümüz bir hadisə diqqətimizi cəlb etdi. İki nəfər əlil avtomobil yolunu keçmək istəyirdi. Bu zaman bir maşın saxladı və iki nəfər vətəndaş maşından düşərək bu əlillərə yaxınlaşdı və onları öz maşınlarına aparıb əyləşdirdilər. Sonra yollarına davam etməyə başladılar.
Maraq bizə güc gəldiyindən öz maşınımızla bunları izləməyə başladıq. Bu iki nəfər mülki geyimli vətəndaş əlillərin hər birini öz ünvanlarına düşürüb yerləşdirdikdən sonra maşınlarını sürüb Polis idarəsinin qabağında saxladılar və içəri keçdilər. Biz də düşüb Polis idarəsinə daxil olduq və bunların kim olduqları ilə maraqlandıq.
Məlum oldu ki bunlar polis polkovnik -leytenantı Həsənov Qədim Rəfi oğlu və polis baş leytenantı Həsənov Qara Nizami oğludur.
Bir köhnə döyüşçü kimi bu hadisə məni çox kövrəltdi və polis sistemində belə insanların olması ilə Azərbaycan vətəndaşı olaraq qürur duydum.
Bir daha cənab nazirimiz Vilayət Eyvazov başda olmaqla bütün vətənpərvər, vicdanlı polis işçilərinin qarşısında baş əyirəm”.