İcazənin rüsumu 50 manat olacaq

Bir var, yolda  betonqarışdıran hərəkət edir, bir də var, adi yük maşını

Yəqin ki, rüsumlar da avtomobilin ölçülərinə, ağırlıq dərəcələrinə görə təyin edilər

  Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq. “Report”un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir. Təklif edilən dəyişikliyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Layihəyə görə, bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq. Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq Parlamentin plenar iclasına tövsiyə edilib.

  Xatırladaq ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif olunan dəyişikliklər bir müddət əvvəl müzakirəyə çıxarıldı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında aparılan müzakirələrdə qeyd edildi ki, iriqabaritli, ağırtonnajlı avtomobillərin hərəkətinə müvafiq dövlət qurumu tərəfindən nəzarət edilməsi, lazım gəldikdə isə hərəkət müvafiq orqanın nəqliyyat vasitəsi tərəfindən həm mühafizə, həm də müşayiət edilməsi təklif olunur. Bu, nəqliyyat vasitəsinin ölçüsü, daşınan yükün çəkisindən asılı olacaq. İndi isə “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklə ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumu müəyyənləşib. Burada da çəkiyə görə fərqlilik olacaqmı?   

  Mövzu ilə bağlı “Şərq”ə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd etdi ki, dövlət rüsumu avtomobilin ölçüləri və çəkisinə görə fərqli olmalıdır: 

- Fərqli ölçülü avtomobillərə eyni rüsumu tərbiq etmək doğru olmaz. Ölçü və çəki fərqli olduğu kimi rüsum dərəcələri arasında da fərq olmalıdır. Bir var, yolda  betonqarışdıran hərəkət edir, bir də var, adi yük maşını. Yəqin ki, rüsumlar da avtomobilin ölçülərinə, ağırlıq dərəcələrinə görə təyin edilər. 

  E.Cəfərov qeyd etdi ki, yollarda ağırtonnajlı texnikanın hərəkətinə görə dövlət rüsumunun təyinində ehtimal ki, məqsəd yolların sıradan çıxmamasıdır: 

- Çox zaman şahid oluruq ki, ağır texnika şəhər yollarında hərəkət etdikdə yolun asfalt örtüyünə ziyan dəyir, yol örtüyü zədələnir, nəticədə yolun təmirinə ehtiyac yaranır. Bəzən beton, qum, çınqıl yollara tökülür, hərəkəti çətinləşdirir.  Ümumiyyətlə, ağır texnikanın, ağırtonnajlı maşınların digər avtomobillərin müntəzəm hərəkət etdiyi yollarla hərəkət etməsi düzgün deyil. Əlbəttə, bu zaman yola ziyan dəyəcək. Amma hazırda nə paytaxtda, nə regionlarda ağırtonnajlı avtomobillər üçün xüsusi zolaqlı yollar yoxdur. Onlar da məcbur qalıb digər avtomobillərlə eyni yolu bölüşürlər. Güman ki, dövlət rüsumunun təyin edilməsi dəymiş ziyanın aradan qaldırılmasında istifadə edilmək üçün nəzərdə tutulub. Amma burada da dövlət ehtiyacları üçün hərəkət edən texnika ilə, fərdi sahibkarlıq subyektlərinə məxsus avtomobillər yəqin ki, fərqləndiriləcək. Belə məsələlərdə sahibkarların da maraqları nəzərə alınmalıdır.