Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar - YENİLƏNİR + AÇIQLAMA

“Azərbaycanın Türkiyədəki səfirliyinin qaynar xətt nömrələrinə Türkiyədə yaşayan və müvəqqəti burada olan Azərbaycan vətəndaşları və onların yaxınlarından müraciətlər daxil olub”.
Bu barədə Oxu.Az-a səfirlikdən məlumat verilib. Qeyd edilib ki, zəlzələnin baş verdiyi hər bölgə üçün səfirliyin bir əməkdaşı ayrılıb və bütün müraciətlər sistemləşdirilir. 
Səfirlik daxil olmuş və əldə edilmiş bütün məlumatları araşdırır. Xəsarət alan və evləri yararsız hala düşmüş vətəndaşlarla bağlı müəyyən məlumatlar mövcuddur.  Zərərçəkənlərin sayı müəyyən edildikdə bununla bağlı ətraflı məlumat veriləcək.
Zərərçəkən vətəndaşlarımızdan və ya onlar barədə məlumatlı olan şəxslərdən +90 535 577 61 68 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlamaları xahiş olunur.

09:40
Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alan azərbaycanlıların olub-olmaması barədə araşdırma aparılır. 
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. 
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 76-ya çatıb. Baş verən hadisə zamanı 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.