Xırdalanda 12-ci mərtəbədən yıxılan uşaq komadan ayıldı - FOTO

Binanın 12-ci mərtəbəsindən yıxılan uşaq 10 gün komada qaldıqdan sonra həyata qayıdıb.

"Medicina" xəbər verir ki, 01.10.2024-cü il tarixində saat 14 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 2013-cü il təvəllüdlü oğlan zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb:


"Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən yeniyetməyə ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.

14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan yeniyetmə artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub.

Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən yeniyetmənin müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir".