"TikTok", yoxsa əxlaqsızlıq yuvası?- Söyüş söyən kim, narkotik çəkib, canlı açan kim...

"Yüzlərlə neqativ videonun, canlı yayımda bir-birini təhqir edənlərin şahidi oluruq”

“Söyüşlə məşhurlaşan bəzi "TikTok" istifadəçiləri saxlanıldı, hətta narkotik vasitələrdən istifadə etdikləri də aşkarlandı. Demək, canlı yayım açan şəxslərin bir qismi sağlam həyat tərzi sürmür”

“Kontenti dəyişmək istəyiriksə, ziyalılar, Qeyri-Hökumət Təşkilatı nümayəndələri, jurnalistlər, millət vəkilləri belə cəmiyyəti daha sağlam fikrə çağırmalıdır”


Son vaxtlar “Tiktok” sosial platformasında söyüş və təhqirlər səsləndirənlər ictimai qınağa tuş gəlirlər. Hətta həmin platformada təhqirlərə məruz qalan bəzi şəxslər polis orqanlarına da müraciət edirlər. “TikTok”un bağlanmasını istəyənlər də az deyil. Səbəb kimi isə orada qeyri-etik və mənasız kontentin yayılması göstərilir. Sosial platforma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrildiyi üçün bir qisim istifadəçi bununla razılaşmır.  Çox təəssüf ki, müasirlik deyəndə, avropalaşmaq deyəndə düşüncələrdə söyüşlə danışmaq formalaşır. Şübhəsiz, hansısa avropalı sözügedən platformadan şəxslərin ünvanına təhqir səsləndirmək üçün istifadə etmir.
Dünyanın bir çox inkişaf etmiş ölkələri, hətta ABŞ və Böyük Britaniyada yüksək səviyyəli dövlət rəsmiləri “TikTok”un bağlanılmasını və ya qanunlarla tənzimlənməli olduğunu bildirirlər. 

 Mövzu ilə bağlı "Sherg.az"a danışan "Azxeber.com"un baş redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli təəssüflə bildirib ki, Azərbaycanda "TikTok" platforması əxlaqsızlığın ən çox təbliğ edildiyi seqmentə çevrilib:

"Yüzlərlə neqativ videonun, canlı yayımda bir-birini təhqir edənlərin şahidi oluruq. Söyüşlə məşhurlaşan bəzi "TikTok" istifadəçiləri saxlanıldı, hətta narkotik vasitələrdən istifadə etdikləri də aşkarlandı. Demək, canlı yayım açan şəxslərin bir qismi sağlam həyat tərzi sürmür. 
Azərbaycan seqmentində belə paylaşımların olmaması üçün ictimaiyyət qınamalı və hüquqi addımlar atılmalıdır. Qanun pozuntusu varsa, şərəf və ləyaqətə toxunulubsa, müvafiq orqanlara müraciət etmək lazımdır. Həmin şəxslərə qarşı tədbir görülməyəndə  cəzasız mühit olduğunu düşünürlər, rahat şəkildə özlərini büruzə verirlər. 

Cəmiyyətdə ictimai yükü olan şəxslər maarifləndirici paylaşımlar etməlidir. 

"TikTok"da 3 milyondan çox azərbaycanlı istifadəçisi var. İnsanların alçaldılmasının, təhqir olunmasının qarşısı alınmalıdır. Kontenti dəyişmək istəyiriksə, ziyalılar, Qeyri-Hökumət Təşkilatı nümayəndələri, jurnalistlər, millət vəkilləri belə cəmiyyəti daha sağlam fikrə çağırmalıdır. Yalnız qanun-qayda yox, ictimai qınaq və vətəndaş mövqeyi ilə neqativ halların qarşısını ala bilərik. "TikTok"un bağlanmasına ehtiyac yoxdur. Çünki sağlam kontentlər yaradıb, gəlir qazanan şəxslər də var".