Jurnalist, media üzrə tanınmış mütəxəssis Ellada Mustafayeva vəfat edib.
E.Mustafayeva bu gecə 34 yaşında uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişib.
O, uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. Son illərdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Elektron Təhlükəsizlik Xidmətində çalışıb.
Mərhumun müəllimləri, dostları, həmkarları onunla bağlı sosial şəbəkədə paylaşımlar edib, xatirələrini bölüşüblər. “Sherg.az” həmin paylaşımları təqdim edir:
Texnobloqer Fərid Pərdəşünas:
“Ellada, çox təəssüf…Azərbaycanın ilk texnoloji jurnalistlərindən biri. Qatdığın bütün fayda və əməklərin üçün çox sağ ol. Enerjin və mübarizən üçün çox sağ ol. Çox təəsssüf ki, bu son görüşümüz oldu. Allah rəhmət etsin. Son dəfə danışığımızda nəsə problemin olduğunu demişdi, amma problemin bu qədər böyük olduğunu deməmişdi”.
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Almaz Mahmud:
“1998-ci ildə jurnalist Elmira Əmrahqızı dəfn olunanda müəllimi, ustadımız Şirməmməd Hüseynov:
“İşə bax, müəllim tələbəsini dəfn edir”-, demişdi. İndi Ellada Mustafayevaya dərs deyən müəllimləri - bizlər onu son mənzilə yola salırıq. İşə bax, biz tələbəmizlə vidalaşırıq. Azərbaycan jurnalistikası, PR-ı itirdi. Peşəkar olmaq üçün illər, qərinə lazım deyil, 5-8 il də kifayətdir. O peşəkar idi, hər yerdə var idi, amma indi heç yerdə yoxdur”.
"Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə:
“Sən bir mələksən! Məkanın cənnət olsun, əziz dost”.
Professor, jurnalist Akif Rüstəmov:
“Ellada xanımın ölüm xəbəri səhər-səhər bizi çaşdırdı. Heç inanmaq olmur, bu gənc yaşında,tələbə,müəllim sevgisi qazanmış, ömrünün 34 yaşında gözlərini əbədi yumub, qardaşına qovuşdu. Allah rəhmət eləsin! Məkanı cənnət olsun! Ailəsinə,yaxınlarına səbr diləyirəm”.
Mediamark şirkətinin rəhbəri Orxan Rzayev:
“Ellada Mustafayevanın ölüm xəbəri çox üzücüdür. İnanmaq olmur. Uzun illər birlikdə tədbirlərdə, layihələrdə iştirak etmişik, hər zaman xoş aurası, mehriban, səmimi şəxsiyyəti ilə yadda qalıb, bundan sonra da elə xatırlanacaq”.
Yazar-jurnalist, İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişinin aparıcısı Vüsalə Məmmədova:
“Ömür o qədər qısadır ki... Bir səhər yuxudan oyanıb işıq topası hesab etdiyin insanın ölüm xəbərini eşidirsən... Ellada üçün, onun yaşamağa fürsət tapmadıqları üçün çox üzülürəm. Son mənzilinə doğru işıqlı bir yolçuluq arzulayıram.
Yaxınlarına səbr diləyirəm. Hər ölümlə dünyanın faniliyini bir az da dərindən dərk edirsən. Düşünürsən ki, ömür incikliklər, küsülülüklər, pisliklər üçün çox azdır.
Od çərşənbəsini bəhanə edib, qəlbini qırdığımız insanları təbrik edək, pisliklərdən arınaq. Yoxsa yaşamaq lap çətinləşir. Zatən seyrələn sıramız çox incidir”.
"Azxeber.com"un baş redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli:
“Səhəri dəhşətli xəbərlə açdım. Əziz dostum Ellada Mustafayeva vəfat edib. Bir neçə ay öncə toyunda idik...”.
Jurnalist Ayaz Mirzəyev:
“Allah rəhmət eləsin! Ellada Mustafayeva öz hədəfləri və motivasiyası olan dəyərli bir insan idi. Çox gənc yaşda bizi tərk etdi”.
Jurnalist İsmayıl İsmayılov:
“Elladanın xəstə olduğunu heç bilmirdik. Kimi dindirsən deyir xəbərim olmayıb. Bu barədə danışmırmış. Cəmi 34 il yaşadı. İndi hansı sayta baxıram, qarşıma onun şəkli çıxır, sosial şəbəkəni açıram, hamı onun şəkillərini paylaşır. Elə bil heç ölməyib, diridir”.