Bakının nəqliyyat dərdi! – “20 il problemlər üst-üstə yığılıb” - Effektsiz addımlar!

"Nəqliyyat probleminin kökü çox dərindədir. 2000-ci illərdən qalan problemlər 20 ildir üst-üstə yığılıb. Həlli istiqamətdə atılan addımlar da köklü dəyişikliklər deyil. Səthi addımların da effekti olmur".
Bunu "Sherg.az"a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı ölkədə nəqliyyat sahəsində yaranan problemlərdən danışarkən deyib.

O bildirib ki, indi aktual olan layihə bir neçə ildən sonra əhəmiyyətini itirir:

"Dünya təcrübəsinə əsasən, dövlət böyük vəsait xərcləyir, lakin bir dəfəlik edir. Hazırda dövlətimizin əsas diqqəti pandemiyadan sonra zərər görən sahələrin dirçəlməsi, işğaldan azad olunan ərazilərin bərpasıdır. Dövlətimiz güclüdür. Yəni, ictimai nəqliyyat problemini həll etməyə  imkanı çatır. 

Özü həll yolunu bilmirsə, sahibkarlara müəyyən güzəştlər etməklə və yaxud dəstək göstərməklə problemin həllinə nail olmaq mümkündür.

 Avtobusların sayı kifayət qədər deyil. Bakı şəhəri üçün 2500-2600 avtobus nəzərdə tutulur. Gündəlik 1500-ə yaxın avtobus xəttə çıxır. Belə halda problemlər həllini tapa bilməyəcək".