Sosial şəbəkələrdə Bakı daxilində müqəddəs hesab edilən yerlərə ziyarət təşkil edən tur şirkətinin paylaşımı diqqət çəkib. Belə ki, siyahıda mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarı ilk ziyarət yeri kimi göstərilib.
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli "Sherg.az"a açıqlamasında məsələyə münasibət bildirib. Q.Məhərrəmli Hacı Şahin Həsənlinin məzarının ziyarətgaha çevrilməsini qəribə situasiya adlandırıb:
"İngilislər "Qərbi Azərbaycan" adlı filmi çəkmişdilər. Adın özü maraqlı idi. İndi də bu cür məsələni eşidəndə qəribəlik sözünün altındakı çalarları qavramağa çalışıram.
Hacı Şahin yaxşı din xadimi olub. Allah rəhmət etsin. İnsanlar ondan çox razı qalıb. Hörmət göstərib, məzarını ziyarət etməkləri normaldır. Lakin onun məzarını şəhərdaxili turlar siyahısına salmaq aşırı yanaşmadır. Mənim üçün belə bütləşməni qəbul etmək çətindir. Yenə də, tura gedənləri anlamağa çalışıram".