Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub.
Hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzə olunub.
Hesabatda qeyd edilib ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edildiyi halda, Ermənistanın erməni xalqına qarşı son 2 il ərzində antidemokratik, qeyri-insani münasibətləri isə görməməzlikdən gəlinir.
Bildirilib ki, xüsusən, 2022-ci ilin aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə “görülmədi". Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu beynəlxalq təşkilatları, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumları Ermənistanda baş verən bu qeyri-insani münasibətlərə qarşı həssas olmağa və eləcə də ikili standartlardan uzaq olmağa çağırıb.
Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, heç bir Qərb ölkəsinin lideri və ya hansısa qərbli jurnalist Ermənistanı demokratik ölkə adlandıra bilməz.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun dediklərinə görə, beynəlxalq təşkilatlar Azərbaycanda stabilliyi görmək istəmirlər və hər zaman Azərbaycana qarşı ikili standartlarla yanaşıblar.
Azərbaycan həm Ermənistandan, həm də Gürcüstandan daha demokratik dövlətdir. Bir zamanlar Gürcüstanda demokratiyanın carçısı hesab edilən Mixail Saakaşvilinin vəziyyətini də hamı açıq-aşkar görür.
Məsələ ilə bağlı "Sherg.az"a danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib ki, dövlət səviyyəsində terrorçuluq siyasətinin yürüdüldüyü ölkədə azadlıqdan danışmaq gülüncdür:
"Bir dövlət işğalçı, vandal siyasət yeridir, ölkəsində ermənilərdən başqa millətlərin qalmasına imkan vermir və yüz minlərlə insanı deportasiya edir, etnik təmizləmə aparır. Belə halda Ermənistan necə demokratik dövlət adlandırılır? Ermənistan dövlətinin Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti dövlətçiliyinin mahiyyətini göstərir. Bəzi "insan hüquqları üzrə beynəlxalq təşkilatlar" illik hesabatlarında Ermənistana "demokratiya" don geyindirməyə çalışırlar.
Azərbaycan hüquq müdafiəçilərinin iştirakı ilə keçirilən tədbirdə haqlı fikirlər irəli sürüldü. Həqiqətən Ermənistanın daxilində insan hüquq və azadlıqları hədsiz dərəcədə pozulur. Ölkədə söz və mətbuat azadlığına ciddi təhdidlər mövcuddur. Erməni müxalif mətbuatı da yazır ki, jurnalistlər fikirlərini açıq şəkildə ifadə edəndə onlara qarşı repressiyalar tətbiq edilir. Ermənistanda etiraz edən xalqa polisin şiddət göstərdiyi kadrlarda əksini tapıb. İkinci Qarabağ müharibəsindən sonrakı proseslər fonunda eyni hadisələrin bir daha şahidi olduq"
E.Nəsirovun fikrincə, Azərbaycan İnsan hüquqları üzrə Qeyri - Hökumət Təşkilatları ilə sıx əməkdaşlıq qurmalıdır:
""Faşizm" ideologiyasını yayan, qəhrəmanlaşdıran, təbliğatını aparan dövlətdə insan və hüquq azadlıqlarının təminatı necə yaxşı səviyyədə ola bilər? Qeyri-mümkündür. Gün kimi aydındır.
Parlamentdə hesabat verərkən təklif etdim ki, Ombudsman Ermənistanda insan hüquq və azadlıqların vəziyyəti ilə bağlı illik məruzələr hazırlayıb, müxtəlif dillərdə tirajlasın. Dünya təcrübəsinə əsaslanaraq belə addımlar atmaq gərəklidir. Azərbaycan Ermənistanın qərəzli davranışına həmişə etiraz səsini qaldırır.
Ermənistanın Ombudsmanı Azərbaycana qarşı həqarətli davranış sərgiləyirsə, belə cavab hələ onlar üçün azdır.
Azərbaycanla bağlı həqiqətləri müvafiq qurumlardan, xüsusilə Ombudsman vasitəsilə öyrənməlidirlər. Həssas məsələlərdə hücum taktikasına keçməliyik".