"Müzakirəyə çıxardığımız mövzunu ayrı-ayrılıqda bir fərdin timsalında baş vermiş hadisə kimi məhdudlaşdırmaq doğru deyil".
Bu sözləri "Sherg.az"a sosioloq Ağasəlim Həsənov müğənni Manaf Ağayevin oğlunun həbs edilməsindən danışarkən deyib. O vurğulayıb ki, analoji hadisələrə baxdıqda yaşadığımız toplumun, qayda-qanunlara meyilliliyi, münasibəti bir çox problemin ortaya çıxdığını göstərir:
"Təbii ki, bu gün hər hansı bir sənətçinin övladı ölkədə qəbul olunmuş yol hərəkəti qaydalarına əməl etmirsə, onun tələblərindən boyun qaçırırsa, bu, heç bir halda təqdirəlayiq hesab edilə bilməz. Əksinə, həmin insanlar çox sərt tənqidlərə məruz qalırlar.
Toplum olaraq, belə məsələlərə çox ciddi reaksiya verməliyik. Bu, əslində dərin köklü bir problemdir. Səbəb son on ildə cəzasızlıq mühitinin olmasıdır. Məgər adi vətəndaşlar məmurlar yaxud tanınmış sənətçilər, onların ailə üzvlərindən birinin avtomobillərini idarə edən sürücülərin yoldakı davranışlarından razı qalırlarmı? Qətiyyən. Müxtəlif aspektlərdən (hüquqi, əxlaqi, sosioloji) nəzərə alaraq, deyə bilərik ki, ölkəmizin mükəmməl qanunvericilik sistemi var".
Mütəxəssis diqqətə çatdırıb ki, cəmiyyətdəki neqativ nümunələr mütləq şəkildə gənclərə təsir edir:
"Analoji xəbərləri görən yeni nəslin nümayəndələrində belə düşüncə formalaşır ki, bir insan cəmiyyətdə özəl statusa sahibdirsə, qanundan yayına bilər. Bunlar da qeyd etdiyimiz kimi, cəzasızlıq mühitinin mövcudluğundan irəli gəlir. Bu gün "X" sənətkarın oğlu sərxoş halda sükan arxasında əyləşirsə, burada bir az da genetik məsələlər rol oynayır.
Məsələn, yadımızdadır ki, bəhs etdiyimiz müğənni işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər etmişdi. Nəticədə ona bir neçə sutka həbs cəzası verildi. Üzərindən müəyyən bir zaman keçib, bu gün də övladının fərqli bir situasiyada qaydaları pozduğunu və cəzalandırıldığını görürük. Övladları da tərbiyə aldıqlarının yolu ilə gedirlər. Bu davranışa da heç bir halda haqq qazandıra bilmərik".
Qeyd edək ki, Müğənni Manaf Ağayevin oğlu həbs edilib. Müşviq Ağayevi idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları saxlayıblar. Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib.
Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.