İndi çox adamda əvvəlki həvəs qalmayıb


Jalə Həsənli: “Amma uşaqlara bu bayram sevincini çox görməyək”

  İlaxır çərşənbədə həmkarımız Jalə Həsənlinin sosial şəbəkədəki paylaşımı diqqətimizi çəkdi. Xalqımıza ilk qələbə xəbərini İTV efirindən göz yaşlarıyla çatdıran Jalə xanımın səmimi, içdən gələn bayram təbrikini oxucularımızla bölüşmək qərarına gəldik: 
- Torpaq yurddur, torpaq müqəddəsdir,  torpaq uğrunda can verən oğulların uyuduğu Vətəndir! Torpaq qoynuna əmanət etdiyim anamdır, atamdır… Torpaq qədrini bildiyin zaman ruzidir, bərəkətdir. Novruz bayramının özündən də çox sevdiyim, sehirli çərşənbəm olub İlaxır çərşənbə. Həvəslə axşamın düşməyini gözləyər, məhəllə dostlarımızla qonşularımıza papaq atar, qapı pusar, su falına çıxardıq. Axşamüstü, təxminən  saat 5-6 arası bütün bloku plov ətri bürüyərdi. Hamının evindən o ətir gəlsin deyə, hər kəs imkansıza əl tutardı. Üzərinə dostumuzun adını naxış vurduğumuz şəkərburaları dostlarımıza hədiyyə edərdik. Məhəllələr arasında rəqabət tonqalın hündürlüyünə görə olardı. Bizim məhəllə ən sonda ocağını qalayar və ətrafına hər kəsi toplayardı. Mahnılar səsləndirilər, gənclər gözəl rəqslər edərdi.  Onda bayramlar gözəl keçərdi. Uşaq idik. Heç nəyin fərqində deyildik. Tək dərdimiz uşaqlara qoşulub, daha çox əylənmək idi. O vaxt Məmmədbağır Bağırzadə “Süfrələrə şam düzün, qoy arzular çin olsun” deyərdi. Biz də həvəslə xonçaya ev sakinlərinin sayına uyğun şam düzərdik. Belə bir inanc da var idi ki, kimin şamı daha gec sönsə, o daha uzunömürlü olacaq. Anamın şamının daha gec sönməsi üçün dua edərdim… İndi bayram həvəsi qalıbmı? Şəhərə baxanda görürsən ki, çox adamda əvvəlki həvəs qalmayıb. Amma uşaqlara bu bayram sevincini çox görməyək. Onlar gülsün, onlar əylənsin. İcazə verək, onların da gələcəkdə danışa biləcəyi xatirələri formalaşsın…