"Bu gün fars rejiminə qarşı kim danışırsa ona, təhdid formasında şərhlər yazaraq, güya mesaj ötürürlər".
Bunu "Sherg.az"a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı "Facebook" sosial şəbəkəsində ölümlə hədələnməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, bu təhdidləri ciddi qəbul etmir:
"Bununla yanaşı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib ki, onlar öz tədbirlərini görsünlər. Çünki biz bu barədə məlumat verməsək, “Kim-kimi istəsə təhdid edə bilər” durumu yarana bilər. Ümumiyyətlə hər kəs dediyi sözə görə cavab verməlidir. Yoxsa hər kəs biri-birini sosial mediada təhdid etməyə başlayacaq".
Partiya rəhbərinin sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidməti və hüquq-mühafizə orqanları sosial mediadakı bu məsələlərə əl atmalıdır:
"Artıq siyasi-ictimai xadimlərin mühafizəsi məsələsi həll edilməlidir. Yəni hansısa konsepsiya və ya proqram tərtib edilməlidir. Ona görə ki, biz partiya sədrləri, millət vəkilləri düşmən ölkələrdən və daxildəki siyasi güclərdən danışırıq. Bu isə kimlərinsə xoşuna gəlmir. Ona görə də belə hadisələr nəzərə alınmalıdır. Yəni İnsanların taleyi haqqındakı təhlükəsizlik məsələsini, dövlətin üzərinə götürməli olduğunu düşünürəm. Amma şəxsən təhdidlə bağlı təşviş keçirmirəm. Biz imanlı adamlarıq və Allahdan gəlmişik ona da gedəcəyik. Kimin nə qədər qisməti varsa, o qədər də yaşayacaq".
Qeyd edək ki, millət vəkili Fazil Mustafanın güllələnməsinin ardından Ağ Partiya sədri Tural Abbaslı da sosial şəbəkələrdə ölümlə təhdid olunub. "Növbə sənidir" kimi statuslar paylaşılıb.