Müharibə veteranlarının sosial vəziyyəti yaxşılaşdırılır: rayonlarda görüşlər -Foto

Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq məqsədi ilə həyata keçirdiyi  “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsi  çərçivəsində aprel ayının 12-də Cəlilabad, 13-də Masallı, 14-də isə Astara rayonlarında müharibə veteranları ilə görüşlər keçirdib. Müharibə vetereanlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə keçirilən görüşlərdə Birinci və İkinci Qarabağ Müharibəsi iştirakçıları və qazilər,  adı çəkilən rayonların icra hakimiyyətlərinin əməkdaşları, QHT sədrləri də iştirak ediblər. Görüşlərdən əvvəl layihənin fəaliyyət planına əsasən hər rayonda müharibə veteranları arasında sorğular keçirilib.              

Yüksək səviyyədə təşkil olunmuş görüşlər zamanı aparılan müzakirələrdə ən çox diqqət və qayğıya ehtiyacı olan, Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan müharibə veteranlarının rifahının daha da yüksəldilməsi məqsədi ilə səmərəli və dəyərli təkliflər səslənib. 4 aylıq layihə çərçivəsində ictimai birlik görüşlər zamanı əldə olunmuş təklifləri və aparılmış sorğuların nəticələrini ümumiləşdirərək, təklif və tövsiyyələr hazırlayıb müvafiq dövlət qurumlarına təqdim edəcəkdir.   

Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və hər 3 rayonun icra hakimiyyətlərinin başçıların təşəkkürünü bildirib.