SON DƏQİQƏ: Müharibənin 35-ci günü - İran ABŞ-yə açıq çağırış etdi

ABŞ-İsrail- İran müharibəsinin 35-ci günündə bölgədə gərginlik daha da artıb. Tehran Tel-Əviv və Körfəz istiqamətində ardıcıl raket zərbələri endirərkən, Vaşinqtona sərt mesaj göndərib.

Sherg.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah sözçüsü, briqada generalı Əbulfəzl Şikarçi ABŞ-nin mümkün quru əməliyyatı ilə bağlı danışaraq bildirib ki, İran buna hazırdır:

“ABŞ-nin quru hücumuna başlamasını gözləyirik. Onlara elə bir dərs verəcəyik ki, bir daha heç bir ölkəni işğal etməyi düşünməsinlər”.

O, ABŞ-ni yanlış hesablamalarda ittiham edərək, Vaşinqtonun müharibəyə əsassız şəkildə başladığını iddia edib və İranın yalnız cavab verdiyini vurğulayıb.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əbu-Dabidəki Həbşan qaz emalı zavoduna hücum nəticəsində yanğın baş verib və müəssisədə fəaliyyət müvəqqəti dayandırılıb.

Digər tərəfdən, İsrailin Livanın cənubu ilə bağlı yeni plan hazırladığı bildirilir. Məlumata görə, “təhlükəsizlik zonası” adı altında 3 kilometrə qədər ərazinin işğalının daimi hala gətirilməsi, yaşayış məntəqələrinin dağıdılması və əhalinin geri qayıtmasının qarşısının alınması nəzərdə tutulur.