Baş nazir Kremlə meydan oxumur, balans oyunu oynayır
Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərindən öncə Rusiyaya səfər etməsi müzakirə obyektinə çevrilib. Halbuki, səfərdən bir neçə gün əvvəl Ermənistanın siyasi gündəmi Rusiyanın seçki prosesinə təsir etmək üçün rüşvət paylayacağı ilə bağlı məlumatlarla çaxnaşmışdı. Çoxsaylı arqumentlərdən sonra Paşinyanın Rusiyaya səfərinin başqa siyasi məqsəd və çalarlarla əlaqəli olduğu bildirilir. Baş nazirin Rusiyaya getdiyi gün Moskvada bir qrup erməni, onun işgüzar səfərinə etiraz olaraq aksiya keçiriblər.
Ermənistan səfirliyinin qarşısında keçirilən mitinqdə Paşinyanın şəkli yandırılıb. Aksiya iştirakçıları Paşinyan hökumətini Ermənistanı məhv edən, cinayətkar və korrupsiyalaşmış bir qurum kimi tənqid ediblər. Belə gərgin siyasi şəraitdə Baş nazir, Rusiya ilə mövcud problemləri həll etmək üçün alternativ yolların axtarılmasının zəruri olduğunu diqqətə çatdırıb. Lakin sözügedən yolun kimin xeyrinə olacağı sual altındadır.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, Paşinyan seçki qabağı mövqeyini sığortalamaq niyyətindədir:
“Paşinyan və Putin görüşməsi birinci növbədə Rusiyanın Ermənistandakı tərəfdarlarının akivləşməsi ilə əlaqədardır. Paşinyan Qərbyönümlü siyasətçi kimi tanınsa da, Rusiyaya səfəri ilə Kremlin təsir dairəsindən çıxmaq niyyətində olmadığını göstərməyə çalışır. Bu addımın əsas məqsədlərindən biri də Moskvanın seçkilər öncəsi, İrəvana mümkün siyasi təzyiqlərini minimuma endirməkdir”.
Politoloqun sözlərinə görə Paşinyan, Rusiyaya səfər etməklə beynəlxalq ictimaiyyətə Moskva ilə əməkdaşlıq münasibətlərinin davam etdiyinə dair mesaj verməyə çalışır:
“Digər tərəfdən o, Ermənistanın ruspərəst ictimaiyyətinə Moskva ilə qarşıdurma kursu yürütmədiyini nümayiş etdirmək istəyir. Rusiyaya səfər, Putindən ziyadə Paşinyanın daxili siyasi mövqelərini möhkəmləndirməyə xidmət edir. Ermənistan iqtisadiyyatına Qərb və ABŞ-dən maliyyə axınları artmasına baxmayaraq, ölkə hələ də hərbi və iqtisadi sahələrdə Rusiyadan ciddi şəkildə asılı vəziyyətdədir”.
F.Abbasov, ölkənin sabiq prezidentlərinin Ermənistana vurduğu zərərdən bəhs edib:
“Vaxtilə Sarkisyan və Koçaryan kimi fiqurların Ermənistana vurduğu zərbələr indi də ölkənin, Kremlin təsiri altından çıxmağa izin vermir. Qısaca desək, Paşinyan Rusiyaya səfəri vasitəsilə həm daxili siyasi mövqeyini gücləndirməyi, həm də Sarkisyan və Koçaryan kimi ruspərəst rəqib siyasi qüvvələrə qarşı balanslı və strategiya yönümlü alternativ yaratmağı hədəfləyir. Görünən odur ki, o, bu strategiyada müəyyən qədər uğur qazana bilib”.