Azərbaycan pravoslavları Pasxa bayramını qeyd ediblər

Azərbaycanda yaşayan pravoslavlar bu gün əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, ölkənin bütün pravoslav məbədlərində Pasxa ibadətləri keçirilib.

Bayram ibadəti gecəyarısı – şənbə günündən bazara keçən gecə Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində başlayıb. İbadətə gələnlər müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar düzüblər.

Bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristianları icmasına təbrik ünvanlayıb. Dövlət başçısı qeyd edib ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılıb. “Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - deyə müraciətdə bildirilir.

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 16-da qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayır.