Azərbaycanda dini dözümlülük, tolerantlıq ən yüksək səviyyədədir

Bütün dinlərin nümayəndələri ölkəmizdə öz ibadət və ayinlərini rahat şəkildə yerinə yetirirlər

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;


  Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. 

Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. 

Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilib. Tolerantlıq və multikulturalizm ənənələri bərpa edilib. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib.

 Ulu Öndər Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Multikulturalizmin müxtəlif modelləri - ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-nin Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir. Bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir. Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Ötən gün Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik məktubunda ölkəmizdəki dini tolerantlığa, multikultural dəyərlərə bir daha diqqəti yönəldib.

 Dövlət başçısı qeyd edib ki, yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar: "Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir". Prezident bildirib ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycanda bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılıb: "Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər".

  İlahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq ixtisası üzrə dosent Əkrəm Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda digər ölkələrdən fərqli olaraq dini dözümlülük, tolerantlıq ən yüksək səviyyədədir. İlahiyyatçının sözlərinə görə, bütün dinlərin nümayəndələri Azərbaycanda öz ibadət və ayinlərini rahat şəkildə yerinə yetirirlər:

 "Azərbaycan bu sahədə digər ölkələrlə müqayisə olunmayacaq qədər yüksək dözümlülük və tolerantlıq nümayiş etdirir. Hətta özünü güclü, lider hesab edən bir çox Avropa ölkələrində dini azadlıq və dözümlülük nəinki bizdəki səviyyədə deyil, ümumiyyətlə, yoxdur. Bəzən müşahidə edirik ki, Fransada və ya bir çox inkişaf eləmiş ölkələrdə dini ayrı-seçkilik, başqa inanclara qarşı aqressiya mövcuddur. 

Azərbaycanın digər ölkələrdən fərqi dinə aid xüsusi modelə sahib olmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi və həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda yaşayan bütün dini icmalara xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısı şəxsən bütün dinlərin nümayəndələrini özlərinə məxsus bayramlarda xüsusi təbrik edir, onlara diqqət və qayğısını əsirgəmir. 

Buna görə də digər ölkələr Prezident İlham Əliyevin davranışından, siyasətindən nümunə götürməlidir. Onlar da dini münasibətlərin və dinlərarası əlaqələrin öz ölkələrində qarşılıqlı hörmət əsasında təşkil olunmasını təmin etməlidirlər. Ən azından bu yöndə çalışmalı, cəhd göstərməlidirlər".