Düşmən hər yerə mina döşəyib

Riskli ərazilərə səfər etməyə ehtiyac yoxdur

Xəbərdarlıqlara ciddi yanaşmaq lazımdır


  Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Agentlikdən vurğulanıb ki, mina partlayışları ilə bağlı bəzi insanlarda yanlış fikirlər var: "Yanlış fikirlər var ki, minaya ayaq qoyduqda ayağı çəkməsən, partlamaz. Bu fikir doğru deyil, ayağı minaya basdınsa, partlayış baş verəcək. Mina saniyənin onda biri sürəti ilə partlayır. Eləcə də, sursat və minaları bir-birinə birləşdirən tələ məftilinə toxunduqda, partlayış baş verəcək".

  Hərbi ekspert Ramil Məmmədli "Şərq"ə açıqlamasında deyib ki, 44 günlük müharibə bitdikdən sonra meydana çıxan mina problemindən qaçmaq, yayınmaq qeyri-mümkündür. Ekspertin sözlərinə görə, beynəlxalq təşkilatların Ermənistanın cinayətlərinə, mina terroruna ciddi yanaşmamaları, səhlənkarlığı sözügedən problemin həllinə imkan vermir: 

"İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi olduqca çətin və uzun bir prosesdir. Hətta deyərdim ki, İkinci Dünya müharibəsindən sonra hələ də Şərqi Avropa ölkələrində, Belarus, Ukrayna, Rusiya ərazisində minalar və partlamamış sursatlara rast gəlinir. 

Bu baxımdan hesab edirəm ki, Azərbaycan vətəndaşları öz doğma yurd-yuvalarına gedəndə olduqca ehtiyatlı olmalıdırlar. Maksimum şəkildə təhlükəli və riskli ərazilərə getməməlidirlər. 

Baxmayaraq ki, həmin ərazilər o insanlar üçün doğmadır, ancaq hər ehtimala qarşı məsələyə çox ciddi yanaşmaq lazımdır. Düşünürəm ki, ümumiyyətlə, minatəmizləmə işləri qismən də olsa bitməyənədək riskli ərazilərə səfər etməyə ehtiyac yoxdur. Bununla vətəndaşlar təkcə özlərini deyil, ətrafdakıları da təhlükədən qorumuş olarlar".