Deputat apteklərdən narazıdır


“Ölkəni keyfiyyətsiz məhsullar poliqonuna çevirmək olmaz”

“Axı necə ola bilər ki, adi dərman belə olmayan məhsul bu qədər xəstəliyin müalicəsinə kömək etsin?”


  "Hansısa qida əlavəsini alırsan, üzərində yazılır ki, xərçəngdən prostatın müalicəsinə qədər kömək edir". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib. Deputat deyib ki, Azərbaycanı keyfiyyətsiz məhsullar poliqonuna çevirmək olmaz: "İnsanların səhhəti üçün zərərli olan xaricdən gətirilən, o cümlədən daxildə işbaz sahibkarların istehsal etdiyi məhsulların nə satışına, nə də istehsalına icazə vermək olar. Bu, insanlar üçün təhlükədir. Tutaq ki, aptekdən, hansısa ticarət şəbəkəsindən hansısa qida əlavəsini, yaxud yağı alırsan. O məhsulun üzərində elə şeylər yazılır ki, az qala xərçəngdən tutmuş prostatın müalicəsinə qədər hər şeyə kömək edir. Axı necə ola bilər ki, adi dərman belə olmayan məhsul bu qədər xəstəliyin müalicəsinə kömək etsin? Bu, insanları aldatmaq deməkdir. Düzdür, yoxlamalarla bağlı ehtiyatlı olmaq lazımdır. Lakin insanların səhhətinə təsir edən belə hallarla bağlı həssas olmalıyıq”.


“Qanun deyir ki, 12 metrə qədər olan tikintilərdə heç bir sual olmamalıdır”

  Deputat Rüfət Quliyev deyib ki, əsasən Bakı rayonlarında və regionlarda da müşahidə edilən bir hal var: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti üçün icazəni verir, elə ki 3 daş qoyulur, bir də görürsən tökülüşdülər, hərə bir qara qovluqla gəlir, deyir ki, bunun sənədini göstər. Bu, narahatlıq, narazılıq yaradır. Sənəd göstərilir, deyirlər ki, yox e, filan yerdən də icazə al. Qanun deyir ki, 12 metrə qədər olan tikintilərdə heç bir sual olmamalıdır. Aidiyyəti olmayan, məntiqsiz suallar verirlər. İcazəni bir orqan verir, icazəsi olmasa, Azərbaycanın heç ucqar kəndində daşı daş üstünə qoymaq olmaz. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləri təsdiq edibsə, digər orqanlar da kömək etsinlər, insanlar rahat tikinti aparsınlar. Amma yenə də gəlirlər, bu onun boynuna atır, o bunun boynuna atır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bütün problemləri öz üzərinə götürməsi üçün səlahiyyətlər Komitədə olmalıdır".

"Yoxlamalar bəzi müəssisələrdə illərlə davam edir"

  Deputat Məşhur Məmmədov sahibkarlıq sahəsində yoxlamalarının uzun aparılması ilə bağlı iradların olduğunu söyləyib: "Yoxlamalar 30 gün müddətinə açılır, amma bu yoxlamalar bəzi müəssisələrdə illərlə davam edir. İllərlə yoxlamaların aparılması müəssisələrin fəaliyyətində problemlər yaradır. Onların hesabları bağlanır, hətta onların partnyorları ilə problemlər yaradır. Əgər orada 1 yoxlama deyil, 3 yoxlama getməlidirsə, onların 3-ü də aparılmalıdır”. 

"Yoxlamaların uzanmasının səbəbi sahibkarların elektron bazalarının az olmasıdır"

  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, sahibkarlıq sahəsində yoxlamaların uzun müddət aparılmasının səbəblərindən biri sahibkarların elektron bazalarının az olmasıdır: “Bu da müəyyən problemlərə səbəb olur. Belə ki, sahibkarların 65 faizində kompüter varsa, 35 faizində yoxdur. Proseslərin elektronlaşdırılmaması mühasibatlıq və digər zəruri işlərin kağız üzərində aparılması yoxlamaların uzun çəkməsinə səbəb olur”.