Türkiyədə yekun qərarı xalq verəcək

“Əsas məsələ Oğanın hansı namizədlə hansı formada razılığa gələcəyidir”

  Türkiyədə ötən gün keçirilən prezident və parlament seçkilərinin nəticələri ən müxtəlif kontekstlərdən təhlil olunur. 2002-ci ildən bəri iqtidarda olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə əzici üstünlüyə sahib olsa da, prezidentlik yarışında ilk turda qalibi müəyyənləşdirmək mümkün olmadı. Nəticədə seçki ikinci tura qaldı. Prezidentin kimliyi mayın 28-də keçiriləcək ikinci turda bəlli olacaq. Seçkilərdə sürpriz nəticəni ATA İttifaqının namizədi Sinan Oğan göstərdi. Hər kəs 2 faiz civarında səs gözlədiyi halda, Sinan Oğan 5 faizdən yuxarı səslə müşahidəçiləri təəccübləndirdi. Oğanın səslərinin ikinci tur üçün əhəmiyyətli olması onun şəxsiyyətinə marağı daha da artırdı. Həm AKP, həm də CHP tərəfdarlarının Sinan Oğanla təmasa can atdığı müşahidə edilir. CHP sədri K.Kılıçdaroğlunun ilkin nəticələr açıqlanandan dərhal sonra Oğanı telefonla təbrik etməsi “ATA İttifaqı” namizədinin “kilid adam”a çevrildiyini göstərir. Lakin analitiklərin fikrincə, Yaşıl Sol Partiyasının (YSP) “Millət İttifaqı”nda təmsil olunması Oğanın Kılıçdaroğlu ilə əməkdaşlığını mümkünsüz edir. Türk milliyətçiliyinin parlayan simalarından olan Oğanın hazırda məhbus həyatı yaşayan, terrora açıq dəstək verən Selahattin Demirtaş ilə eyni safda yer alması da inandırıcı görünmür. Digər vacib məqam sabiq deputatın gələcək karyerası üçün ciddi planlar qurması ilə bağlıdır. Türkiyə milliyətçilərinin yeni lideri olmağa həvəslənən Oğanın indiki həssas məqamda radikal qüvvələrlə eyni cəbhədə yer alıb nüfuzunu itirməsi gözlənilmir. Sinan özü də açıqlamalarında bu məqamlara diqqət çəkib və Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək nöqtəyə gəldiklərini deyib: "Bundan sonra bizi çətin bir proses gözləyir. 1-2 gün ərzində "ATA" İttifaqının liderləri ilə iclas keçiriləcək və buna uyğun olaraq bir nəticə müəyyən edəcəyik. Bu nəticənin vəziyyətinə uyğun olaraq yol xəritəmizi açıqlayacağıq. Türkiyənin heç vaxt böhrana düşməsinə imkan verməyəcəyik. Yenidən türk millətçiləri və atatürkçüləri Türkiyə siyasətinin mərkəzinə qoymaq üçün yola çıxdıq. İkinci turu türk millətçiləri və atatürkçülər müəyyən edəcək". 
  Vətəndaş Həmrəyli Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə açıqlamasında deyib ki, budəfəki seçki Türkiyənin tarixində ən kritik siyasi marafonlardan biri hesab olunurdu və elə də oldu. Partiya rəsmisi qeyd edib ki, heç bir namizəd ilk turda 50-dən yuxarı səs toplaya bilmədiyi üçün seçki ikinci tura qaldı: "14 gündən sonra seçkinin ikinci turu keçiriləcək. Sinan Oğan Azərbaycan kökənlidir, uzun müddət Milliyətçi Hərəkat Partiyasında təmsil olunub, İğdırın millət vəkili olub. Sinan Oğan bütün proqnozlardan və gözləniləndən daha artıq səs toplaya bildi. Bu da onu göstərir ki, Türkiyədə seçimsiz və tərəfsiz qalan millətçilər Oğana səs verib. Aydın idi ki, millətçilərin əhəmiyyətli qismi nə Ərdoğanı, nə də Kılıçdaroğlunu dəstəkləyir. Ona görə də seçkidə alternativ kimi Sinan Oğana səs verdilər. Lakin ikinci turda Oğana gəlmiş səsin nə dərəcədə həlledici olacağını söyləmək çətindir. Onun çağırışlarına rəğmən, seçicilər kimə səs verəcəklərinə yenə də özləri qərar verəcəklər. Ancaq Sinan Oğanın da ikinci turun nəticələrinə təsir imkanlarının olacağı ehtimalını gözardı etmək olmaz. Əsas məsələ Oğanın hansı namizədlə hansı formada razılığa gələcəyidir. Bütün hallarda Türkiyədə yekun qərarı xalq verəcək. Seçkinin tam demokratik, şəffaf şəraitdə keçirilməsi önəmlidir. Əlbəttə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanla əlaqələrə zərər gəlməməlidir. İki qardaş ölkə arasında əlaqələr şəxslərə yox, millətlərə bağlıdır".