Diasporanın işi ilə kifayətlənmək olmaz

Əli çatan, sözü keçən hər bir insanımız ABŞ-də Azərbaycanın tanıdılması, mövqelərinin möhkəmləndirilməsi üçün bacardığını etməlidir

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

“Hətta sosial media hesablarında belə fəallığa ehtiyac var. Ayrı-ayrı Konqresmenlərin, dövlət adamlarının, rəsmilərin paylaşımları izlənməli, yazdıqlarına münasibətlər bildirilməlidir”


  Diasporla bağlı uzun illərdir dövlət səviyyəsində ciddi işlər görülür. Xaricdə müxtəlif tədbirlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görüşlər keçirilir. Mütəmadi olaraq xarici diplomatlarla əlaqələr qurulur, Azərbaycanın maraqları yüksək səviyyədə müdafiə olunur. Davamlı şəkildə aparılan iş xaricdə yaşayan həmyerlilərimizin həmrəyliyi, lobbiçilik fəaliyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına vasitə olur. Azərbaycan diasporasının uzun müddətdir fəaliyyət göstərdiyi mühüm ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır. Azərbaycanlılar əsasən ABŞ-nin Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. ABŞ-də azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. Dövlət Departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 min 553 azərbaycanlı Amerika vətəndaşlığına keçib. 2001-2010-cu illərdə 9 min 391 nəfər azərbaycanlı ABŞ vətəndaşı kimi qeydiyyata götürülüb. 1979-cu il İran inqilabı zamanı 150 min azərbaycanlı İrandan ABŞ-yə mühacirət edib. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olublar. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bugünlərdə ABŞ-yə işgüzar səfər edib. Nümayəndə heyəti Amerikadakı Azərbaycan icması ilə ilə görüşlər keçirib. Heyət ABŞ-Azərbaycan Ticarət Palatasını ziyarət edib və Kolumbiya Əyaləti və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının fəalları ilə görüşüb. Nazir müavini Nyu-Yorkda da yerli azərbaycanlı icması ilə görüş geçirib. Nümayəndə heyətinin ABŞ-yə səfərinin 24 may tarixinədək davam etməsi və digər rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə nazir müavini ABŞ Senatının üzvləri Senator Tom Koton, Senator Ben Kardin, Konqresin Nümayəndələr Palatasının üzvləri Cek Berqmən, Çak Flayşmən, Mayk Ezel və Robert Aderholt ilə görüşüb. Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri, həmçinin regionda gedən proseslər, eyni zamanda Ermənistanla aparılan sülh danışıqları barədə qarşı tərəf məlumatlandırılıb. Konqres üzvləri, həmçinin post-münaqişə dövründə davam edən mina təhdidləri, bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıblar. Görüşlərdə, “Laçın” sərhəd buraxılışı məntəqəsinin təsis edilməsi ilə əlaqədar ABŞ-də fəaliyyət göstərən radikal erməni təşkilatlarının Konqres üzvlərinə təqdim etdikləri həqiqətə uyğun olmayan və əsassız məlumatların, bu çərçivədə ABŞ Konqresinin üzvləri tərəfindən birtərəfli və ABŞ-nin milli maraqlarına xidmət etməyən qətnamələrin irəli sürülməsinin iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verdiyi vurğulanıb. 
  Nazir müavini və nümayəndə heyəti Nyu-York şəhərində Azərbaycan bayrağı ucaldılması tədbirində iştirak edərək, orada çıxış edib. Üçrəngli, ay-ulduzlu bayrağımız Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Wall Street"də yerləşən "Bowling Green" parkında nəhəng bayraq dirəyindən asılıb. Mərasim Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və dəstəyi, Amerika Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı və Nyu-York şəhər meriyasının dəstəyi ilə keçirilib. 
Mərasimdə çıxış edən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri qonaqlara ölkəmizin tarixinin ən şanlı və parlaq səhifələrdən biri olan 28 May – Müstəqillik Günü barəsində ətraflı məlumat verib. Bildirib ki, azadlığı və istiqlaliyyəti uğrunda tarix boyu mübarizə aparan Azərbaycan xalqı 28 may 1918-ci ildə Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb: "Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycanı bizə geri verdi və onun möhkəm təməllər üzərində qurduğu müstəqillik əbədi və dönməz oldu. Bu il Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük minnətdarlıq hissi ilə qeyd edirik. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı əllərdədir".
  Tədbirdə çıxış edən Nyu-York şəhər meriyasının protokol xidmətinin rəhbəri Rəna Abbasova da, 28 May - Müstəqillik Günü münasibəti ilə dünya azərbaycanlılarını təbrik edib. O, dünyanın harasında yaşamağından asılı olmayaraq bütün azərbaycanlıların hər zaman birlikdə olmasının vacibliyinə diqqət çəkib. Üçrəngli bayrağımız dövlət himnimizin sədaları altında Nyu-York səmasına qaldırılıb, Azərbaycan və ABŞ bayraqları səmada birlikdə dalğalanıb. Mərasim Nyu-Yorkun yerli mediasında canlı yayımlanıb. Ərazini ziyarət edən turistlər bayrağımızın fonunda şəkil çəkdiriblər. Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" bu gündən etibarən 10 gün müddətində Azərbaycan bayrağına ev sahibliyi edəcək.

  Siyasi şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında vurğulayıb ki, Amerika Birləşmiş Ştatları dünya siyasətinin, diplomatiyasının nüvəsidir. Analitik qeyd edib ki, qərarlar orada verilir, icra edilir və lazım olan anda güc tətbiq olunur:

"Elə bir dünya dövləti ola bilməz ki, ABŞ ilə bu və ya digər şəkildə hesablaşmasın, onun maraqlarını, mövqeyini nəzərə almasın. O baxımdan Azərbaycan da daxil olmaqla dünyanın bütün dövlətləri ABŞ ilə yaxşı münasibətlərə üstünlük verirlər. Bizim diaspor fəaliyyətimizə, ümumiyyətlə, Azərbaycanın oradakı diplomatik təmsilçiliyinə gəlincə, bu yöndə çox işlər görülməlidir. Görülən işlər az olmasa da, çox da deyil. Azərbaycan Amerikada öz varlığını mümkün qədər uca səslə duyurmağa çalışır. Lakin ABŞ çox böyük dövlətdir, rəngarəngdir, fərqli mövqelərin hakim olduğu bir ölkədir. Ona görə də Amerikada çoxvektorlu iş qurmaq lazımdır. 

Bir tərəfdə rəsmi təmsilçiliyimiz, digər tərəfdə isə diaspor nümayəndələrimiz, eyni zamanda Azərbaycanın daxilində fəaliyyət göstərən ictimai-siyasi qurumlar, media çox böyük işlər görməlidir. "Səfirliyimiz edirsə, yetərlidir" deyərək dayanmamalıyıq. Diasporanın da işi ilə kifayətlənmək olmaz. Əli çatan, sözü keçən hər bir insanımız Amerika Birləşmiş Ştatlarında Azərbaycanın tanıdılması, mövqelərinin möhkəmləndirilməsi üçün bacardığını etməlidir. Hətta sosial media hesablarında belə fəallığa ehtiyac var. Ayrı-ayrı Konqresmenlərin, dövlət adamlarının, rəsmilərin paylaşımları izlənməli, yazdıqlarına münasibətlər bildirilməlidir. 

Bu işlərin hamısı bütövlükdə Azərbaycanın ABŞ-də mövqelərinin güclənməsinə əlavə töhfə verə bilər. Şəxsən mən bu cür düşünürəm və elə də edirəm. Başqa fəallar da belə davransa, biz yetəri qədər məsafə qət edə biləcəyik".