"Daha çox azadlıq, daha çox məsuliyyət deməkdir"

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
 
Daha çox azadlıq, həm də daha çox məsuliyyət deməkdir
 
Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan böyükhəcmli islahatlar başlayıb
 
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbulu nəticəsində ölkədə demokratik hüquqi dövlətin möhkəm əsasları qoyuldu. Ümummilli Liderin humanist siyasəti sayəsində əfv və amnistiya institutları bərpa edildi. Ölkəmizdə ən ağır cəza olan ölüm cəzası birdəfəlik ləğv olundu. İnsan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prinsipləri kimi bəyan edildi. Eyni zamanda ölkəmiz bu istiqamətdə bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalandı, fundamental sənəd olan Dövlət Proqramı təsdiq edildi. Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquq sahədə islahatlara müstəsna əhəmiyyət verilərək tam yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndi. Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu, probasiya xidməti təsis olundu. Elektron reyestrlər və informasiya sistemləri yaradıldı. Ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparıldı. Qanunvericilik təkmilləşmiş, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları, "Elektron məhkəmə" informasiya sistemi yaradıldı. Böyük fəxrlə deyə bilərik ki, Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz möhkəm təməllər üzərində inkişaf edir və müasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən ədliyyə sistemi var.
 
Dünən Ali Məhkəmədə Femida Dialoq Platforması üzrə keçirilən görüşdə çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov da hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən, məhkəmə sahəsində həyata keçirilmiş islahatlardan geniş bəhs etdi. İnam Kərimov vurğuladı ki, Vətən müharibəsindən sonra regionumuzda yeni geosiyasi reallıqlar meydana çıxdı. Ölkəmizin regional və qlobal əhəmiyyəti daha da artıb, yeni çağırışlar meydana gəldi:

 "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan böyükhəcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanın qəbulu ilə davam etdirilib. Bu sənəd ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib. Məhkəmə islahatlarının mərkəzində yer alan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən digər orqanlarla birgə Fərmanın icrası istiqamətində təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib, nəticədə cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin sosial təminatının gücləndirilməsi və digər məsələlərlə bağlı bir çox normativ aktlar qəbul edilib. Qarşıda hələ də görüləcək işlər var və bundan sonra da islahatlar davam etdiriləcək”.
 
Ali Məhkəmənin sədri vurğulayıb ki, 2001-ci ildə ölkəmiz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulub. Həmin vaxtdan Konvensiya ölkə qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir:

 “Bununla da Avropa Məhkəməsinin presedent hüququ yerli məhkəmələr tərəfindən Konvensiyanın tərkib hissəsi kimi qəbul edilərək təcrübədə geniş tətbiq edilir. Bu da nəticə etibarı ilə media azadlığının ölkəmizin məhkəmələri tərəfindən Avropa Məhkəməsi standartlarına uyğun təmini deməkdir”. O qeyd edib ki, azadlıqla məsuliyyət vəhdət təşkil edir: 

"Yəni azadlıqla məsuliyyət bir-birindən ayrılmaz anlayışlardır. Odur ki, daha çox azadlıq, həm də daha çox məsuliyyət deməkdir. Media orqanlarının obyektivlik, dürüstlük, şəffaflıq, şəxsi həyata hörmət kimi dəyərləri özündə ehtiva edən qanunla müəyyən edilmiş vəzifələri var. Məhkəmənin də rolu bütün tərəflərin hüquq və vəzifələrini balanslı şəkildə qiymətləndirməkdən ibarətdir. Məhkəmə hakimiyyəti olaraq bizim də media orqanlarından əsas gözləntimiz məsuliyyətli olmalarıdır. Ona görə ki, media həm də məsuliyyətli cəmiyyətin formalaşmasında mühüm rol oynayır”. İ.Kərimov vurğulayıb ki, Ali Məhkəmə olaraq ictimaiyyətlə əlaqələri genişləndirmək istiqamətində səyləri artırırlar. O bildirib ki, Ali Məhkəmənin qərarları anonimləşdirilməklə elektron saytda dərc edilir: “Eyni zamanda bizim Mətbuat xidməti media qurumları ilə sıx əməkdaşlıq edir. Ali Məhkəmənin rəsmi elektron saytı ilə yanaşı, sosial şəbəkələrdə də hesabları fəaliyyət göstərir”.

Xatırladaq ki, bir neçə gün öncə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda geniş konfrans da bu sahədə görülən işlərdən ətraflı bəhs olunub. Dahi liderin təməlini qoyduğu məhkəmə-hüquq islahatlarının bu gün də uğurla davam etdiyi, Prezident İlham Əliyevin siyasi iradəsi ilə hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı üzrə ardıcıl tədbirlərin görüldüyü qeyd olunub. Ötən dövrdə məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirildiyi, 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri və inzibati ədliyyə institutunun yaradıldığı, məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji - "hi-tech" bina və komplekslərin inşa olunub istifadəyə verildiyi, "Elektron məhkəmə" informasiya sisteminin geniş tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi qeyd olunub. Tədbirdə çıxış edən İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycanda Ombudsman institutunun yaradılmasında Heydər Əliyevin müstəsna rolundan danışıb. Bildirib ki, müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı olduqca vacib islahatların həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atılıb. İnsan hüquq və azadlıqlarını, onların müdafiəsini özünün ali məqsədi elan etmiş dövləti tam müstəqil vəkillik institutu olmadan təsəvvür etmək qeyri-mümkündür: "Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” mühüm Qanun qəbul olunaraq Azərbaycanın tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb. Sədr Azərbaycanın postsovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunub ki, bu da Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır". Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin hüquq elminin və təhsilinin inkişafında əvəzsiz xidmətlərindən bəhs edib. Ulu Öndərin təşəbbüsü ilə bugünkü müasir müstəqil dövlətimiz üçün azərbaycanlı tələbələrin müxtəlif ölkələrdə hüquq təhsili almağa göndərilməsini xatırladıb. Hüquq tədrisi sahəsində ən vacib məsələlərdən birinin təcrübi biliklərinin inkişaf etdirilməsi olduğunu söyləyən Zaur Əliyev bu sahədə Ədliyyə Nazirliyinin göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Səadət Bənənyarlı Heydər Əliyevin ölkədə vətəndaş cəmiyyətinin təşəkkülündə rolundan danışıb. Bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu daim diqqətdə saxlayıb. Ulu Öndərin dövlətçilik fəlsəfəsində ictimai təşkilatların fəaliyyətinə geniş meydan verməsi vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olub. O, mühüm qanunvericilik aktlarının qəbulunun, institusional təsisatların yaradılmasının bu sahənin inkişafına təkan verdiyini bildirib, hazırda dövlət idarəçiliyində ictimai iştirakçılığın həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının mühüm roluna toxunub.