"Gəlin, görək, problem hardadır"

Razi Nurullayev: "Sənaye zonaları və məhəllələrinin bir-ikisindən başqa digərləri niyə şəffaf deyil, niyə sərmayə qoymaq istəyənləri qəbul etmirlər"

  “Açığını deyək ki, avtomobillərə tətbiq edilən gömrük yükü çox ağırdır”. 

Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, vətəndaş Gürcüstandan ucuz avtomobil alıb gətirir, avtomobilə verdiyi məbləğdə, yaxud ondan daha çox rüsum ödəyir: 

“Ölkəmizdə daha çox keyfiyyətli avtomobil istehsal olunmalıdır. Amma bir çox məsələlər kağız üzərində qalır. Gəlin, görək, istehsal, tikinti, idxal və ixracda hamı üçün bərabər şərait yaradılırmı?”. Parlament üzvü sənaye zonaları və sənaye məhəllələrinin fəaliyyətinə də toxunub: “İnvestisiya təşviq sənədinin verilməsi, az qala, cəhənnəm əzabına çevrilib. İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Prezidentinin fərmanı var. Cənab Prezident tərəfindən bütün addımlar atılır. 

Gəlin, görək, problem haradadır? İqtisadiyyat Nazirliyinin məsul şəxsləri cavab versin ki, investisiya təşviq sənədlərinin verilməsini hansı meyar üzrə həyata keçirirlər? Sənaye zonaları və məhəllələrinin bir-ikisindən başqa digərləri niyə şəffaf deyil, niyə sərmayə qoymaq istəyənləri qəbul etmirlər, cəlb etmirlər? Sabirabad sənaye məhəlləsi anbar kimi istifadə olunur. Bəs, dövlətin qoyduğu külli-miqdarda vəsait hara getdi? İndi bir iş adamı sərmayə qoymaq istəsin, onu elə incidəcəklər ki, o ya ölkədən gedəcək, ya da sivil qaydada işləmək istəməyəcək, gedəcək hamı kimi “dədə-baba” qaydası ilə işləməyə. Olarmı belə? Xanım sədr, istərdim ki, bir çox əlaqədar qurumların məsul şəxsləri ilə parlamentdə görüş keçirilsin və biz onlara konkret suallar ünvanlaya bilək”. 
 
Spiker Sahibə Qafarova isə bildirib ki, deputatın əlində dedikləri ilə bağlı faktlar varsa, təqdim edə bilər: “Biz də baxaq, ondan sonra belə bir görüşün keçirilməsi barədə düşünək”.