Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Daxili İşlər Nazirliyində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.
Hadisəni yüksək qiyətləndirdiyini deyən İKT üzrə ekspert Elvin Abbasov "Sherg.az"a vurğulayıb ki, bir sıra qurumların bu istiqamətdə müxtəlif strukturları var:
"Yəni kibercinayətkarlığa qarşı, nazirlik yanında şöbə və departament səviyyəsində strukturlara malikik. İndi onların təkmilləşməsi prosesi gedir. DİN onsuz da uzun müddətdir kibercinayətkarlığa qsrşı mübarizə aparırdı. Ümumiyyətlə isə DİN digər strukturlardan fərqli olaraq həm kiberdələduzluğu araşdırmaq, həm cinayətkarları həbs etmə hüququ var. Yəni hər iki istiqamətdə iş aparır. Digər tərəfdən ehtimal edirəm ki, daxili struktur ləğv ediləcək və səlahiyyətlər yeni quruma veriləcək. Çünki kibertəhlükəsizliklə məşğul olan strukturlar pərakəndədir və müxtəlif dövlət qurumlarının nəzdindədir. Bu isə o deməkdir ki, səlahiyyət bölgüsü var. Onlardan bəziləri kiber insidentlərə, bəziləri kibercinayətkarlığa, bəziləri də kiberdələduzluğa nəzarət edir. Bu bölgü minvalında hadisəni şərh edə bilərik. Lakin ən dəqiq məlumatları sərəncamla dəqiq tanış olduqdan sonra deyə bilərəm".