"Səbəbindən asılı olmayaraq, heç kimin küçədəki qadını belə döyməyə ixtiyarı yoxdur".
Bunu "Sherg.az"a hüquq müdafiəçisi Novella Cəfəroğlu tanınmış bloqer, model Razi Əliyevanın şiddətə məruz qalmasından danışarkən deyib. O vurğulayıb ki, başqasının şəxsi işinə və həyatına qarışmaq doğru deyil:
"İnsanların kiminlə şəxsi münasibət qurduğunu müzakirə etməyək. Şiddətə isə heç bir vəziyyətdə haqq qazandırmaq olmaz. Bu gün qınadığımız hadisə sabah hamımızın başına gələ bilər. Modelin sevgilisi şiddət göstərdiyinə görə cəzasını çəkməlidir. Qadınlar anlamalıdırlar ki, bir gün onlar da Razinin vəziyyətinə düşə bilərlər. Modeli döyən şəxs tənqid edilməsə, növbəti gün başqaları da bundan cəsarətlənərlər".
Xatırladaq ki, bir müddət əvvəl R. Əliyeva sevgilisinin onu döydüyünü iddia edib. Sevgilisi ailəli olduğuna görə, R.Əliyeva bir sıra tənqidlərə tuş gəlib. Şiddət görməsinə rəğmən evli insanla münasibət qurduğu üçün sosial şəbəkələrdə qınanılıb.