"Saxta pulları bilərəkdən və ya bilməyərəkdən dövriyyəyə buraxan, hansısa əməliyyatı həyata keçirən istənilən fiziki və ya hüquqi şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır".
Bunu "Sherg.az"a iqtisadçı Fuad İbrahimov Milli Məclisdə regionlarımızın ticarət şəbəkəsində saxta pulların istifadəsi ilə bağlı məsələ qaldırılmasından danışarkən deyib. Onun sözlərinə görə, saxta pulların istifadəsi iqtisadi cinayətkarlıq, sabotajdır:
"Diqqətli olmaq lazımdır. İstər bizim, istərsə də digər ölkələrin əsginaslarının xüsusi nişanları var. Pulu işığa tutanda, ona əllə təmas edəndə nişanlar görünür və bilinir. Kiminsə başına belə bir hadisə gəldikdə pulun dövriyyəsini davam etdirmək qadağandır. Bu, cinayət işidir. Ona görə də dərhal hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır".
Qeyd edək ki, Milli Məclisdə Azərbaycan regionlarında ticarət şəbəkəsində saxta pulların istifadəsi ilə bağlı məsələ qaldırılıb. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Ziyad Səmədzadə danışıb:
"Bu yaxınlarda mən bir məsələnin şahidi oldum, istədim Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova müraciət edim. Rayonların birində bir neçə yerdə mağazalarda ayrıca bölmə var ki, saxta pulların buraxılması ilə məşğuldurlar. Rayonda nəvəmə alış-veriş üçün 20 manat verdim, pulun qalığı kimi 450 manat qaytardılar. Pulların üstünə baxanda gördüm ki, "etibarsızdır" yazılıb. Gənclər, uşaqlar var, onlar aldana bilirlər. Bunlara nəzarət olunmalıdır".