Naxçıvanda ambulator tibbi yardım almaq üçün göndərişlərin verilməsi ləğv edilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin razılığı ilə muxtar respublika ərazisində ambulator tibbi yardım almaq üçün göndərişlərin verilməsi ləğv edilir.

Bu barədə "Report"un yerli bürosuna nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, artıq sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən tibb müəssisəsinə müraciət edə biləcəklər.

Qaydaya müvafiq olaraq tibb müəssisələrində yalnız stasionar (yataq) şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunacaq. Bunun üçün də vətəndaş ailə həkimi və ya ixtisaslı həkim tərəfindən göndəriş vərəqəsi almalıdır.

Stasionar şəraitdə tibbi xidmətin göstərilməsi üçün göndəriş vərəqəsini müalicə həkimi özünün aid olduğu inzibati ərazi vahidində, orada xidmətin göstərilməsi mümkün olmadıqda tibbi ərazi bölməsindən kənarda yerləşən dövlət tibb müəssisəsinə verə bilər.

Aparılan bu islahatın məqsədi muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək, həmçinin sığortaolunanların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunmasından ibarətdir.

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığortaolunanlara xidmətlər zərfində nəzərdə tutulan şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.