Göyqurşağı, ya riskli rənglər?  - "Nazirlik paylaşımı silibsə..."

"Elm və Təhsil Nazirliyi məlum paylaşımı silibsə, demək, artıq fərqli təəssüratlar yaranıb". 

Bunu "Sherg.az"a psixoloq və cinsi terapevt Əfsanə Rüstəmova Elm və Təhsil Nazirliyinin 1 iyun Uşaqlar günündə paylaşdığı fotonun tənqid olunmasından danışarkən deyib. Onun sözlərinə görə, indiki dövrün uşaqlari çərpələng uçurmağa maraq göstərmirlər:


"Uşaqların əyləncə anlayışına daxil olmayan bir vasitəni atributa çevirmək və "riskli" olacaq rənglərin seçilməsinin cəmiyyətdə birmənalı qarşılanmayacağı anlaşılandır. Hansısa bir foto təqdim olunanda valideynlərin də yanaşmaları nəzərə alınmalı idi. Çünki uşaqların sosial şəbəkə məhdudiyyəti var, paylaşım daha çox valideynlərin  qarşısına çıxır. Hər kəsin də intellekt, təhsil səviyyəsi, dünyagörüşü fərqlidir. Bu nöqteyi-nəzərdən publikaya çıxardığımız paylaşımın müztfəlif aspektlərdən qarşılanacağı təbiidir". 


Psixoloq diqqətə çatdırıb ki, uşaqlar yeni olan məlumatı araşdırırlar:

"Bir informasiya araşdırılanda ortaya çıxan fərqli məna ilə qarşılaşan uşaqların hansı hislər keçirəcəyini də nəzərə almaq lazımdır. Sözügedən qrup kifayət qədər həssas yaş kateqoriyasına daxildir. Artıq yeniyetməlik dövründən etibarən uşaqlar müxtəlif e-mail adresləri ilə gizli şəkildə sosial şəbəkəyə çıxış imkanı əldə edir. Həmin yeniyetmələr özünükəşf dönəmində cinsi arzularından yeni-yeni xəbərdar olur. Nəticədə bu cür müzakirə olunan bir mövzunu görüb, internetdə axtarış etmələri onların yeni bir məlumat axını ilə qarşılaşacağı anlamına gəlir. Bu yeni məlumat axını onların bu günə qədər öyrəndikləri, ideologiyaları, yetişdikləri coğrafiya, inandıqları dinə ya da mental dülşüncələrinə ziddir. Artıq məsələni araşdırmaq üçün daha fərqli mənbələrə müraciət edəcəklər. Qarşılaşacaqları məlumat onların psixoloji dayanıqlılıq  həcmindən daha çoxdursa, əlbəttə, yeniyetmələr, gənclər və uşaqlar təsir altına düşə bilərlər". 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Feysbuk sosial şəbəkəsində 1 iyun Uşaqlar günü münasibətilə paylaşım edib. Bəzi insanlar fotoda əks olunan çərpələngin rəngini tənqid ediblər. Rənglərin göyqurşağı yox, LGBT bayrağı təzahür etdirdiyini bildiriblər.