Taksi şirkətləri ləğv edilir?  - AÇIQLAMA

"Beynəlxalq taksi şirkətlərinin fəaliyyətini dayandıracağı ilə bağlı rəsmi məlumat yoxdur".

Bunu "Sherg.az"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bu ayın ortalarında beynəlxalq taksi şirkətlərinin fəaliyyətinin dayandırılacağı ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O bildirib ki, hamı Milli Məclisdə olan müzakirələrin yekununu və dövlət qurumlarının rəsmi açıqlamasını gözləyir:

"Ümumiyyətlə belə bir hadisənin olması fonunda qiymətlərin yüksəlməsi gözləniləndir. Aidiyyəti qurumlar çalışmalıdır ki, taksi qiymətləri artmasın. Yəni elə addımlar atılmalıdır ki, vətəndaşlar üçün taksi əlçatan olsun. Çünki taksi ictimai nəqliyyatın bir qoludur. Bu gün ictimai nəqliyyatın avtobus qolunun bərbad olması səbəbilə insanların daşınmasını həyata keçirmək lazımdır. Əgər müvafiq qurumlar insanları avtobus vasitəsilə bir nöqtədən digərinə daşıya bilmirsə, bu işi onların əvəzinə taksi görür. Ona görə də taksi adi vətəndaşlar üçün əlçatan olmalıdır.  Yalnız ictimai nəqliyyatda qayda-qanun yaradıldıqdan və xəttə kifayət qədər avtobus buraxıldıqdan sonra taksi qiymətləri artırıla bilər. İndiki dövrdə qiymətlərin stabil qalması üçün çalışılmalıdır". 

Qeyd edək ki, "Bolt" və "Uber" kimi beynəlxalq taksi xidmətlərinin ay ərzində ləğv ediləcəyi ilə bağlı iddialar dolaşır. Bu isə qiymətlərin artması fonunda insanları ciddi narahat edir.