Xəzər dənizinin Dağıstana yaxın ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın şimal-şərq rayonları, eləcə də Abşeron yarımadasında hiss olunub.
Zəlzələ baş verməsi əhali arasında əməlli başlı təşvişə səbəb olub. Bəs bu təbii fəlakət anında necə davranmaq lazımdır ?
"Sherg.az" Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, həmin qaydaları təqdim edir:
- ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız olduğunu bilin;
- evdən çıxarkən ehtiyat çantası və mobil telefonunuzu götürün;
- qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;
- binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanın;
- əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalın;
- liftdən istifadə etməyin;
- təşvişə düşüb yüksək mərtəbədən tullanmayın;
- evdə təyin etdiyiniz təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçin;
- dəmir ayaqlı masa varsa, onun altına girin;
- diz üstə çökün və ya böyrü üstə uzanıb ayaqlarınızı bükün və əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qorunun;
- yanınızdazyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.
Zəlzələ sizi küçədə haqlayıbsa:
- bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çıxın;
- əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;
- əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın.
Zəlzələ nəticəsində dağıntı altında qalmısınızsa:
- təşvişə düşməyin, ehtiyac varsa, özünüzə ilkin yardım göstərməyə çalışın;
- əgər özünüzü və ətrafdakıları dağıntı altından çıxarmağa gücünüz çatırsa, bunun üçün ən az qüvvə tələb edən üsulu seçin;
- qüvvə və bacarığınıza tam əmin deyilsinizsə, xilasediciləri gözləyin;
- maşın və texnikanın səsi kəsilibsə, demək, xilasedicilər “sükut anı” elan edib. Bu sükutdan istifadə edib qışqıraraq, ətrafdakı əşyaları ehmalca döyəclə
- yərək və ya mobil telefonla yerinizi bildirməyə çalışın.