Çörəkçilərin dərdi böyükdür: Başlarını buzlu suya batırıb sərinləyirlər

Türkiyənin ən isti şəhərlərindən biri olan Adanada “El Nino” istiləri öz təsirini göstərib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 250 dərəcəyə çatan sobada çörək bişirən ustalar başlarını buzlu suya batıraraq “şlanq”la sərinləməyə çalışırlar.

Meteorologiya Ümumi Müdirliyinin məlumatına görə, hava istiliyinin 40 dərəcə ölçüldüyü şəhərdə termometrlər 45 dərəcəni göstərib.

Şəhərdə istiyə ən çox məruz qalanlar çörək sobalarında ocaq başında işləyən ustalardı.


İnsanlar kölgədə dayanmaqda çətinlik çəkdiyi halda, təndir ocağında çalışan ustalar həm təndirin istisi, həm də yayın hədsiz istisi ilə mübarizə aparır. Onlar  250 dərəcədə ölçülən sobanın başında işləyirlər.
Yay aylarında çoxlu soyuq içkilər qəbul etdiklərini qeyd edən ustalar sərinləmək üçün başlarını buzlu suya salaraq “şlanq”la sərinləməyə çalışırlar.

Çörəkçilərdən biri Can Delibalta, sobada çöldəkindən 4 qat daha isti olduğunu söyləyir:


 “Adanada hava cəhənnəm kimidir. Hətta meteorologiya bəzi yerlərdə temperaturun 60 dərəcəyə çatacağını bildirir. Fırında işimiz bitdikdən sonra başımızı buzlu suya batırırıq. Dondurma yeyirik, soyuq su və içkilər içirik. Sobanın yanında növbə ilə dayanırıq, başqa yol yoxdur. İstəyirik ki, istilər bir an əvvəl bitsin”.

Çörək sexinin digər işçisi Ayhan Yalçın istiyə tab gətirməkdə çətinlik çəkdiklərini ifadə edərək, “Bizə yalnız buzlu su kar edir. Çox istidir. Biz bu istidə ancaq dolanışıq üçün çalışırıq” deyə başqa yolları olmadığını bildirib.

Turan