“Şura sədri seçilməkdə mənə yenidən dəstək olan vətəndaş cəmiyyəti nümayəndələrinə və etimad göstərən şura üzvlərinə təşəkkür edirəm”.
Bunu “Sherg.az”a “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O bildirib ki, ötən il şura tərəfindən bir çox işlər görülüb:
“Lakin bu ilk fəaliyyətimiz idi və bir çox məsələlər var ki onları öyrənib böyük təcrübə əldə etdik. Biz ilk dəfə qərara aldıq ki, şuraya üzvü olan şəxslər DİN-in heç bir tenderində və qrand layihələrində iştirak etməyəcək. Çünki maraqlar toqquşmasının baş verməməsi bizim üçün ən vacib məsələlərdən biridir. Digər tərəfdən biz artıq həm illik, həm də iki illik hesabatımızı təqdim etdik. Yəqin bu gün və ya sabah həm DİN-in, həm də müxtəlif saytlarda yerləşdiriləcək. Ümumiyyətlə biz cəmiyyəti narahat edən problemlərlə bağlı iki ictimai dinləmə həyata keçirmişik. Bu dinləmələr məişət zorakılığının qarşısının alınması və narkotiklərə qarşı mübarizə mövzusunda olub. Çünki sözügedən iki istiqamət Azərbaycan cəmiyyəti üçün çox həssas məsələdir. Həmçinin ayrı-ayrı beynəlxalq təşkilatlar, QHT-lər və dövlət qurumları da müzakirələrdə iştirak edib öz təkliflərini verdilər. Yəni şura cəmiyyətdə maraq doğuran və polisin funksiyalarına bağlı olan məsələlərlə bağlı ictimai dinləmələrə davam edir”.
Ə.Nuriyevin sözlərinə görə, şura həm DİN-in ictimaiyyətlə əlaqələr, həm də şəxsi heyətlə iş üzrə idarələri ilə çox yaxşı kommunikasiya sistemi yaradıb:
“Yəni daxil olan müraciətləri dərhal onlara yönəldirdik və araşdırılırdı. Həmçinin şahid ailələri ilə müəyyən əlaqələr qurulub və bu davam etdiriləcək. Digər tərəfdən növbəti dönəmdə hazırlıq planına başlamışıq. Hətta bununla bağlı maraqlı təkliflər də daxil olmaqdadır. Keçən il də fəaliyyət planının hazırlanmasında cəmiyyətin təklifləri alındı və bir çoxu bura daxil edildi. Eyni zamanda DİN-in orta və ali məktəblərinə vətəndaşlarımızı yönləndirmək üçün də təşfiqatların aparılmasını planlaşdırırq. Həmçinin müvəqqəti saxlanma yerləri və yol polisi ilə bağlı da monitoriqlərin aparılması istiqamətində işlər görürük. Digər tərəfdən polisin funksiyaları haqqında daha çox məlumat əldə etmək üçün öz üzvlərimiz arasında da təlimlər aparılacaq. Yəni ən yüksək səviyyədə əlaqələr qurulur. Bunda isə Daxili İşlər naziri Vilayət Eyvazovun əməyi böyükdür. Çünki cənab nazir vətəndaş cəmiyyəti ilə əlaqələrin qurulmasında şəxsən maraq göstərir. İctimai şura da burada körpü rolunu oynayır. Ona görə də biz fəaliyyətimizi davam etdirəcək və real iştirakçılığın təmin edilməsi üçün töhfələrimizi verəcəyik”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi yanında İctimai Şurannı yeni tərkibdə ilk iclasını keçirib.
İclasda Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli və yeni seçilmiş İctimai Şura üzvləri iştirak edib.
Daha sonra İctimai Şurada təşkilati məsələlərə baxılıb.
İctimai Şuranın sədrliyinə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin namizədliyi irəli sürülüb. Əliməmməd Nuriyev yekdilliklə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti dönəm üçün sədri seçilib.
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov isə sədr müavini seçilib.
“Sosial-İqtisadi İnkişaf Uğrunda” İctimai Birliyinin sədri Sevda Məmmədova isə İctimai Şuranın katibi seçilib.
Daha sonra İctimai Şura üzvləri gələcək fəaliyyətləri ilə bağlı müzakirələr aparıb, növbəti iclaslarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.