Ukraynalı uşaqlar Bakıda dərin nəfəs aldı

Bu addım Azərbaycanın dost ölkəyə uzatdığı yardım əlidir

“Zamanla bütün yaralar sağalır, o uşaqların da yaraları sağalacaq. Bu, onlara veriləcək mənəvi dəstəkdən böyük mənada asılı olacaq”
  
Ukraynadakı müharibədən əziyyət çəkmiş ukraynalı uşaqlardan daha 30 nəfəri Azərbaycana gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb edilən uşaqlar Bakı, Şamaxı, Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq. Nazirliyin məlumatına görə, peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.
  Ukraynalı uşaqların reabilitasiya məqsədilə Azərbaycana gətirilməsini alqışladığını deyən “Təmiz dünya” Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında bunu müsbət jest olaraq dəyərləndirdi:
- Əvvəla, bu addım Azərbaycanın dost ölkəyə uzatdığı yardım əlidir. Məlumdur ki, müharibədən əziyyət çəkən, müharibənin ağrı-acısını canında hiss edən, onu yaşayan ilk növbədə uşaqlar və qadınlar olur. Qarabağ müharibəsi zamanı biz bunu əyani yaşamışıq, o dəhşətləri bizim qadınlar, uşaqlar da görüb. Uşaqlar ən həssas kateqoriya, xüsusi həssas qrup olduqlarından müharibə dəhşətlərini daha da ağrılı keçirir. Böyüklərin işi məlumdur. Kimisi orduya qatılır, kimisinin birbaşa vəzifəsi Vətəni qorumaqdır və onlar öz vəzifələrini yerinə yetirir. Amma uşaqlar ən çox və daha ciddi sosial və psixoloji gərginliyə məruz qalan, ciddi travma alan tərəfdir. Münaqişə və müharibə ocaqlarındakı uşaqların sosial-psixoloji reabilitasiyası böyük əhəmiyyət daşıyır. Çox müsbət haldır ki, ukraynalı uşaqlar ölkəmizə gətirilib və onların reabilitasiyası ƏƏSMN tərəfindən həyata keçiriləcək. Sözsüz ki, bu, xüsusi proqram əsasında olacaq. Uşaqlar tibbi və psixoloji müayinədən keçiriləcək. Hansı dərəcədə travma aldıqları müəyyənləşəcək. Buna uyğun da reabilitasiya proqramı icra olunacaq. Yaxşı olan budur ki, onlar tək deyillər. Birlikdədilər. Eyni coğrafiyadan, bir ölkəyə mənsub olmaları və eyni aqibəti bölüşmələri uşaqları daha da birləşdirir, daha da dostlaşdırır. Bu uşaqlarla uyğun psixoloji iş aparılmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün də reabilitasiya proqramlarının düzgün təşkili çox önəmlidir. Çalışmaq lazımdır ki, uşaqlar müharibə dəhşətlərini mümkün qədər unutsunlar. Əlbəttə, tamamilə unutmaq qeyri-mümkündür, lakin hesab edirəm ki, necə ki zamanla bütün yaralar sağalır, o uşaqların da yaraları sağalacaq. Bu, onlara veriləcək mənəvi dəstəkdən böyük mənada asılı olacaq.