İnternet fırıldaqçılarının sayı artıb  - İqtisadçı

Fuad İbrahimov: "Ehtiyatlı olmaq, hər təklifə ayıq yanaşmaq lazımdır"

  Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı altında vətəndaşları aldadan şəxs həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, DİN-ə naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq, onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib. Dələduzluqda şübhəli bilinən həmin şəxsin yeri Nazirliyin əməkdaşları tərəfindən müəyyən edilib və o, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub. Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib. İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitlərini ödəniş sistemləri vasitəsilə nağdlaşdıraraq, şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 300 min manat məbləğində maddi ziyan vurub. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Nazirlikdən bildirilib ki, Mələk Zeynalovanın əməllərindən zərər çəkən şəxslər bu barədə DİN-ə müaciət edə bilərlər.
  İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında internet resurslar dövrünün üstünlükləri ilə yanaşı, çatışmazlıqları, mənfilikləri olduğunu da bildirdi: 

"Onlayn bilet satışı, səyahət, turlar təşkil edən tur-şirkətlərin internet səhifələrdə müxtəlif təkliflərlə çıxış etmələri müasir dövrün üstünlükləridir. Vətəndaş evində əyləşib dünyanın müxtəlif ölkələrinə təşkil edilən səfərlər haqqında məlumat əldə edir, onlayn qaydada bilet alışı həyata keçirir, hotellərdə yerləri də əvvəlcədən bron edirlər. Bu, yaxşıdır. Amma internet resurslar həm də vətəndaşa digər üstünlüklər də verir. Məsələn, istənilən şəxs internet resurslara daxil olmaqla turizm şirkəti haqqında məlumat əldə edə bilər. Hansı şirkət rəsmi qeydiyyata alınıb, nə dərəcədə etibarlıdır, haqqında hansı rəylər yazılıb, bunları öyrənmək elə də çətin deyil. İndiki zamanda gərək insanlar ayıq olsunlar. Fırıldaqçılar çoxdur. Kimsə internetdə xarici ölkəyə səfər təşkil etdiyini yazır, insanlar da ona inanıb pul ödəyirlər, sonra da məlum olur ki, bu, fırıldaqçı imiş. Onlayn alış-verişin, internet üzərindən bazarlamanın belə mənfi tərəfləri də var. Ona görə də yaxşısı budur, vətəndaşlarımız hansısa şirkətlə, səyahət, onlayn bilet alqı-satısı ilə məşğul olan şirkətlər, şəxslə haqqında mümkün qədər geniş məlumat əldə etsinlər. İstər xarici ölkələrə səfərlərdə, istərsə də daxili turizmdə sığortalanmaq da əsas şərtdir. Külli miqdarda pul ödəyib xarici ölkəyə səyahətə, dincəlməyə getmək qərarına gələn insan, təhlükəsizliyini də düşünməlidir. Səfərdə insanın başına hər cür hadisə gələ bilər. Görürük ki, hətta bəzi insanlar heç ölkədən çıxmamış fırıldaqçının toruna düşür. Buna bənzər hadisə xarici ölkədə yaşansa, vətəndaş nə edə biləcək? Ehtiyatlı olmaq, hər təklifə ayıq yanaşmaq lazımdır. Ən azından şübhələnmək olardı ki, dünyada qiymətlərin yüksəlməyə doğru getdiyi zamanda aşağı, ucuz qiymətə xarici ölkəyə səfər necə mümkündür? Bəziləri ucuz qiymətə aldanır. Düşünmürlər ki, bu, real ola bilməz.