"Qubad müəllimin vəziyyəti normallaşmır və onun səhhətində iki böyük problem var".
Bunu "Sherg.az"a açıqlamasında həbsdə olan iqtisadçı Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun səhhəti barəsində danışarkən deyib:
Q.Toğrul bildirib ki, qardaşı arterial təzyiqdən və şəkərdən əziyyət çəkir:
"Xəstəliklərin verdiyi fəsadlar artıb. Ümumiyyətlə Kürdəxanı təcridxanasında olduğu müddətdə Qubad müəllimin nə şəkəri, nə də təzyiqi normallaşıb. Bu isə onun həyatı üçün riskdir. Çünki yüksək təzyiq aorta anevrizması xəstəliyində şah damarın partlamasına səbəb ola bilər. Bu da ani ölüm deməkdir. İkinci problem şəkərlə bağlıdır. Təcridxana həkimlərinin müayinəsindən sonrakı sözlərinə görə, artıq Qubad müəllimin böyrəyində neqativ proseslər gedir. Hətta ödündə və mədəaltı vəzində dəyişikliklər müşahidə olunub. Digər tərəfdən sol gözünün görməsi əhəmiyyətli dərəcədə zəifləyib. Yəni 20 gündür ona ailə üzvləri ilə görüşməyə, Avropada təhsil alan övladları ilə danışmasına və kitab çatdırılmasına icazə verilmir. Bu da onun ətraf aləmlə tam şəkildə əlaqəsinin itirilməsi deməkdir".
Qeyd edək ki, Qubad İbadoğlu iyulun 23-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bildirib ki, Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb.