Kiber fırıldaqçılardan necə qorunmalı?  - Bütün fayl və linklərdən...

Artıq günümüzdə internet dələduzluğu artıb. Hətta bəzi kiber cinayətkarlar sosial şəbəkələrdə profilləri oğurlayaraq, həmin adamın dostluğundakı şəxslərə qarşı fırıldaqçılıqla məşğul olurlar. Sual yaranır ki, bunun qarşısını almaq üçün nə etmək lazımdır? 

Kiber fırıldaqçılıq əməllərinə başlanılmasının sosial şəbəkələrin yaranmasına təsadüf etdiyini deyən informasiya texnologiyaları və yeni media eksperti Emin Hüseynzadə "Sherg.az"a qeyd edib ki, profillərin oğurlanması daimi istifadə edilən alətlərdən biridir:

"Həm müxtəlif cinayətkar qruplar, həm də xakerlikyə başlamaq istəyənlər düşünürlər ki, başqasının profilini oğurlamağın cəzası yoxdur. Amma bu belə deyil. Yəni faktiki olaraq Azərbaycan qanunvericiliyinə əsasən bu  hallarda cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İnsanların belə vəziyyətdən özlərini qoruması isə istifadə etdiyi sosial şəbəkənin imkanından asılıdır. Yən instaqramda, Tik-Tok-da, feysbukda və digər platfomalarda istifadəçilərin qorunması üçün müəyyən quraşdırmalar var. Ümumiyyətlə hesabın oğurlanmaması üçün ilk növbədə "E-mail"də iki pilləli təhlükəsizliyi aktivləşdirmək lazımdır. 
Bunu həm "E-mail"də, həm də sosial şəbəkənin özündə etmək olur. Sadəcə onu aktivləşdirmək lazımdır. Bununla başqa adam sizin parolunuzu oğurlasa belə profilinizə daxil ola bilməyəcək. Digər tərəfdən insanlar son zamanlarda fişinq fırıladqçılığa da məruz qalırlar. Yəni sizə hansısa link, şirnikləndirici mətn göndərilir və şəxsi məlumatlarınızı ora daxil etməyə sövq olunursunuz. Ancaq belə linklərdən hər zaman şübhələnmək lazımdır. Hətta göndərən şəxsdən soruşmaq lazımdır ki, həqiqətən bu fayl onun tərəfindəndir? Ümumiyyətlə insanlar başa düşmürlər ki, heç kəs dayandığı yerdə pul mükafatı və ya qiymətli hədiyyələr verə bilməz. Ona görə də sosial şəbəkələrdə göndərilən bütün fayl və linklərdən şübhələnmək lazımdır. Çünki şübhələnmək onlayn təhlükəsizliyin əsasıdır".