Körpə ölümləri: Ailə xəbərdar edilir, amma ana…

Bərdədə xəstəxanada yeni doğulmuş körpə ölüb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, avqustun 13-də Tərtər rayon sakini, 1995-ci il təvəllüdlü Fəridə Şahbazovanın yeni doğulmuş uşağının Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində ölməsi faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. Tovuz Rayon Mərkəzi Xəstəxanasında da körpə ölümü qeydə alınıb. Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib. Körpə 4 gün sonra həmin xəstəxanada dünyasını dəyişib. Qadının yaxınları körpənin həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. 
Təcrübəli həkim-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az"a açıqlamasında qeyd etdi ki, körpə ölümlərinə hansı amillərin səbəb olduğu mütləq araşdırılmalıdır:

"Təbii ki, ölüm səbəbləri araşdırılır, ekspertiza yekun rəy verir. Sözügedən 2 faciəvi halın konkret hansı amillər səbəbindən baş verdiyini biz bilmirik. Bunu həmin xəstəxanaların həkimləri, rəhbərliyi müəyyənləşdirməli və ictimaiyyətə ətraflı məlumat verilməlidir. Çünki bəzən ailələr həkimləri qınayır, həkimin səhvi ucbatından ölüm hadisəsinin baş verdiyini iddia edirlər. Biz həkimlər ailələri çox yaxşı başa düşürük, onların həyəcanını, hətta hiddətini də anlayışla qarşılayırıq. Ailə aylarla övladın dünyaya gələcəyini gözləyir, amma bir neçə saatın içində arzular, xəyallar puç olur. Əlbəttə, bu, çox ağırdır. Lakin hər bir hadisəni törədən konkret səbəblər var. Körpə ölümlərinin böyük faizi ürək patologiyaları səbəbindən baş verir.  Bəzi körpələr, təəssüf ki, ürək qüsuru ilə doğulur və bəzisi doğuşdan az sonra, bəzisi 1 və ya 2 gün sonra vəfat edir. Hansısa digər orqanda da patologiyalar ola bilir. Genetik problemlər də diqqətə alınmalıdır. Bütün hallarda ölüm səbəbləri dəqiqləşməlidir; bu, ürək qüsurundan baş verib, yoxsa hamiləlik patologiyaları ilə müşayiət olunub. Bəli, həkimlərin səhvi ucbatından baş verən körpə ölümləri də olur. Doğuş zamanı müəyyən problemlər ortaya çıxır, doğuşu qəbul edən həkim, oradakı tibbi personal səhvlərə yol verə bilirlər. Bir məqamı da mütləq deməliyəm ki, bəzən həkim ana olmağa hazırlaşan qadını patologiya barədə xəbərdar edir, müayinələr zamanı dölün ürək qüsurlu olduğunun müəyyənləşdiyini deyir, amma ailə də, ana namizədi də körpəni dünyaya gətirəcəyinə israr edir. Bu vəziyyət isə sonra körpə ölümü ilə nəticələnir. Yəni yaxşı olar ki, ailələr də, ana olmağa hazırlaşan qadın da həkim məsləhətinə qulaq assınlar. Nə doğulacaq körpəni, nə də ananın həyatını təhlükəyə atsınlar". 

F.Hüseynzadə bildirib ki, hamiləlik dövründə yaşanan anomaliyalar körpənin gələcək həyatına birbaşa təsir edir: "Bizim gənc analardan daim tələbimiz budur ki, vaxtlı-vaxtında müayinədən keçsinlər, həkimin təyin etdiyi analizləri versinlər, təyin edilən vaxtda ultrasəs müayinəsindən keçsinlər. Hazırda müasir aparatlar var ki, onunla döldəki qüsurlar müəyyən edilə bilir. Hamiləlik dövründə səhhətdə yaşanan problemlər, müşahidə edilən qüsurlar doğuş zamanı mütləq özünü göstərir. Patologiyalı hamiləlik keçirmiş qadınlar doğuş zamanı çətinliklə qarşılaşır, həyatları təhlükə altına düşür, özlərinin də, körpənin də. Məsələn, əsas risk faktorlarından biri preeklampsiyasıdır. Bu, hamiləliyin 20-ci həftəsindən sonra baş verən və adətən, qan təzyiqinin qalxması (hipertoniya) və sidikdə zülalın çoxalması ilə müşayiət olunan vəziyyətdir. 18 yaşdan aşağı və 35 yaşdan yuxarı olan hamilə xanımlar, piylənmədən əziyyət çəkənlər, yaxın qohumlarında preeklampsiya olanlar, çoxdöllü hamiləlik keçirənlər, bəzi ekstragenital xəstəlikləri - ürək-damar sistemi xəstəlikləri, böyrək xəstəlikləri, hipertoniya, şəkərli diabet olanlar üçün də hamiləlik və doğuş təhlükəlidir. Ekstragenital patologiyaları olan qadınların aid olduğu qrup vardır ki, buraya da ürək-damar, tənəffüs və sidik-ifrazat sistemi tərəfindən baş verən patologiyalar, endokrinoloji problemlərin yaratdığı patologiyalar baş verə bilir. Bu cür hallar sonradan ciddi fəsadlara gətirib çıxarmasın deyə, müayinə olunmaq və düzgün müalicə almaq lazımdır. Bəzən xanımlarımız patologiyalı hamiləlik keçirdiklərini heç bilmirlər. Tibb elminin bu qədər inkişaf etdiyi, informasiyaların bunca bolluğu olan bir şəraitdə hamiləlik zamanı problemləri sadəcə hamiləliklə bağlayıb, “keçib gedəcək”, deyənlər də var. Amma heç bir patologiya iz buraxmadan keçib getmir, ananın da həyatına təhlükə yaranır, körpənin də".