Mövludsuz 6-cı ad günü: "İndi rahatlıq tapdığına inanıram" - Sevinc Fədai

Bu gün – 15 avqust mərhum yazıçı, jurnalist Mövlud Mövludun doğum günüdür. 

2017-ci ildə bir binanın 17-ci mərtəbəsində həyatla erkən vidalaşmağı seçən yazar yaşasa, 34 yaşını qeyd edəcəkdi. 

Xatırladaq ki, M. Mövlud 1989-cu ildə anadan olub. Bakı Slavyan Universitetinin pedaqoji fakültəsini bitirib.

Yeniyetməlikdən ədəbi mühitdə olan Mövlud "Azadlıq", "525-ci qəzet", "Aydın yol", "Teleqraf" kimi qəzetlərdə yazıları ilə çıxış edib. Bir neçə dəfə müsabiqələrdə yer tutub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olsa da, 2015-ci ildə ordan istefa verib.

Teleqraf.com saytında redaktor kimi fəaliyyət göstərib.

Ölümündən sonra Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə yazıçının "Çətirsiz" adlı hekayələr kitabı çapdan çıxıb. 2017-ci il mayın 27-də kitabın təqdimat mərasimi keçirilib.

Biz Mövluddan ancaq bir oxucu, bir həmkar kimi yaza bilərik. Uzaqdan-uzağa ağrılı hekayəsinə göz yaşı töküb, ad günündə, ölüm ildönümündə yada salarıq. 

Amma onu anmaq üçün üz tutacağımız bir ünvan var: Mövludun ömür-gün yoldaşı, yadigarı Ucalın anası, jurnalist Sevinc Fədai. 

“Sherg.az” Sevinc xanımla əlaqə saxlayaraq Mövludu yada salıb:

-“Kiçik qardaşın ad günü” hekayəsində uşaqlıq illərində ad günündə yaşadığı travmasından üstüörtülü söz açmışdı. Bəs sizinlə birlikdə olanda ad günlərini necə qeyd edirdi?

-Mövlud doğum gününü xüsusi qeyd etməyi sevmirdi. Yanaşması beləydi, buna ehtiyac duymurdu. Hətta mən də bu yanaşmasına görə ailəli olduğumuz illərdə doğum günümü əvvəlki kimi qeyd etmirdim. Sadəcə, onun 26-cı doğum günündə İsmayıllıda yaşayan və çox sevdiyi bir dostugilə qonaq getmişdik. Xüsusi olaraq, qeyd etdiyimiz tək doğum günü o idi. Onda da zarafatla deyirdi ki, ziyalı tort kəsməz, yazıçı şam üfürməz və s. Ümumiyyətlə, həyatda çox şeyi zarafata, ironiyaya çevirə bilirdi Mövlud. 
-Sizcə, bunun səbəbi nə idi?

-Onun kökündəki ağrıları aşmaq idi deyə düşünürdüm. Yəqin ki, zarafata çevirə bilmədiyi ağrıların öhdəsindən gələ bilmədi, ağırlıq etdi ona. Uşaqlığından ancaq hekayələrdə yazdığı qədər bilirəm. Çünki bu barədə də danışmağı sevmirdi. Hətta anası gülməli uşaqlıq xatirələrini mənə danışanda belə acığı tutur, susmağını istəyirdi. Nə isə incidirdi onu. Danışmaq istəmədiyi şeylər barədə sual vermir, ad günlərini də qeyd edək deyə israr etmirdim. O qədər narahat insan idi ki, sadəcə rahat olsun istəyirdim. Doğum gününü qeyd etməyi sevməsə də, diqqət və hədiyyə sevindirirdi onu. Bunu hiss etmək olurdu. Mövlud 28 yaşı tamam olmadan köçdü həyatdan. 27 yaşına keçməli olduğu gecə evə doğru yol gedirdik. İsrarla mağazaya girdim, balaca bir keks və 27 rəqəmi olan şam aldım. Bu, onun son doğum günü və üfürdüyü son şam oldu. O şam hələ də durur...
-İndi 6-cı ad günüdür ki, onsuz keçir. Mövludsuz sizə çoxmu çətin oldu?

-Qəribədir ki, mən onun məhz indi rahatlıq tapdığına, ağrılarının sakitləşdiyinə inanıram. Və hər şey də sanki elə bu sonluğa aparırdı onu. Məzarını ziyarət etdiyim vaxtları çıxmaq şərtiylə həyatdan köçdüyünü belə düşünə bilmirəm. Deyəsən, elə mənim özümə də belə daha asan və rahatdır - həyatda olduğunu düşünmək... Qəbullanmaq çətindir.
-Elə məqamlar olur ki, onun hansısa mövzu haqda nə düşünə biləcəyini fikirləşirsiz?

-Bu illər ərzində, sadəcə, özüylə bağlı məqamlarda onun necə düşünəcəyini, necə reaksiya verəcəyini düşünüb addım atmışam. Bu, məni daha da təmkinli edib. 

-Və “kaş yanımda olardı” demisiz...

-Ucalla bağlı hər şeydə yanında olmağını istəmişəm. Çünki mən nə etsəm də, atası ola bilmərəm, atasını əvəz edə bilmərəm. Mövlud yaradıcı və həssas insan idi. Bir hadisə baş verəndə, çətin vəziyyət yarananda tez həyəcanlanan, panikaya düşən, özünü itirən insan idi. Ona görə də həmişə düşünmək, çıxış yolu tapmaq, qərar vermək mənim öhdəmə düşürdü. Necə ifadə edim bilmirəm, ancaq həyatın bərkində-boşunda onun nə qərar verə biləcəyini bilmədim mən. Qaçırdı hər şeydən... Yenə deyirəm, rahatlıq axtarırdı, rahatlıq istəyirdi.
Ruhu şad olsun!