"COVİD-19 pandemiyasının bitdiyi rəsmi şəkildə elan olunub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı məlumat verib".
Bunu "Sherg.az"a tibb elmləri doktoru, professor Adil Qeybulla son bir ayda COVID-19-a yoluxma hallarının artmasından danışarkən deyib. Onun sözlərinə görə, COVİD-19-un bitməsi dünyanın aparıcı xəstəliklərinə nəzarət və profilaktika mərkəzlərinin müştərək rəyi ilə ortaya atılmış bir qərardır:
"COVİD-19-un yeni variantlarının yayılması halları baş verə bilər. Amma koronavirus pandemiya olaraq, bitib. Virus kimi isə hələ tam sıradan çıxmayıb. Ayrı-ayrı yerlərdə epidemiya şəklində davam edir. "Omikron" ştammının mutasiyasına rast gəlinir. Nəticədə virus tamamilə ya sıradan çıxacaq, ya da hər il insanlarda soyuqdəymə xəstəliyi şəklində koronavirusun dörd növündən birinə çevriləcək. Pandemiyanın bitməsində isə vaksinasiya əsaslı rol oynadı. Amma hələ də yoluxmalar mövcuddur, ona görə də diqqətli olmalıyıq. Ölüm hallarının da olması məhz laqeydlik, məsuliyyətsizlikdən irəli gəlir. Ehtiyac yaranarsa, karantin tədbirləri görülə bilər. Bu da epidemioloji vəziyyət və ÜST-ün rəyindən asılıdır".
Qeyd edək ki, son bir ayda COVID-19-a yoluxma halları 80% artıb. ÜST bunu koronavirusun yeni variantı olan “Eris”in sürətlə yayılması ilə əlaqələndirir. ÜST-ün məlumatına görə, dünyada COVID-19-a yoluxma hallarının sayı əvvəlki dörd həftəlik dövrlə müqayisədə 80% artıb. Eyni zamanda, xəstəlikdən ölüm nisbəti 57% azalıb. COVID-19-un “Omikron” variantının alt törəməsi olan “Eris” (EG.5) sürətlə yayılıb və bu da oxşar nəticələrə malikdir. ÜST sayıqlığı itirməməyə çağırır.