Güllü Yoloğlu: "Yaylaqda kondisioner, hamam axtaranlara sözüm yoxdur”

Milli Yaylaq Festivalı tarixə qovuşdu 

Cəmiyyətimiz qınamağı, suçlamağı sevir. Ötən illərdə baş tutmuş, bu il isə keçirilməyən Milli Yaylaq Festivalı haqqında da müxtəlif söz-söhbətlər dolaşırdı, dolaşmaqda da davam edir. Nə baş verdiyini filologiya üzrə fəlsəfə, tarix üzrə elmlər doktoru, AMEA-nın 

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, telejurnalist Güllü Yoloğlu ilə aydınlaşdırmağa çalışdıq. 

- Güllü xanım, bu il Milli Yaylaq Festivalı niyə baş tutmadı? Ötənilki narazılıqlara görəmi?

- Təbii ki, yox. Görülən işi hamının bəyənməsi şərtdir deyə bir şey yoxdur, bilirsiniz. II Milli Yaylaq Festivalı da I Milli Yaylaq Festivalı kimi tarixdir. Məlumdur ki, ötən ilin 29-31 iyul tarixlərində Göygöl rayonunun Hacıkənd səmtindəki Xan yaylağında möhtəşəm II Milli Yaylaq Festivalı keçirildi. Əgər ikinci deyiriksə, gərək birinci haqqında da bir az məlumat verək. İlk Milli Yaylaq Festivalı 2019-cu il 26-28 iyul tarixlərində Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında keçirilmişdi. Cəmi 50 günə hazırlanmış bu böyük el şənliyinə 50 mindən çox adam qatılmışdı. I Milli Yaylaq Festivalı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun, “Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA), Gədəbəy rayon icra Hakimiyyətinin əməkdaşlığı və təşkilatçılığı ilə yüksək səviyyədə keçirildi. Rəsmi tərəfdaş kimi Dünya Etnoidman Konfederasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Atçılıq Federasiyası (ARAF) və “Kap.az”- Fərqli Turizm MMC çıxış etmişdilər. Buraya xarici media nümayəndələri ilə birgə 16 ölkədən 200 nəfərə yaxın əcnəbi mütəxəssis və iştirakçı qatılmışdı. Ölkə və dünya mediasında müsbət mənada geniş əks-səda doğuran ilk Milli Yaylaq Festivalı beynəlxalq miqyaslı orijinal eko-etno-kənd turizm məkanı, zəngin milli-mədəni irsimizin sərgilənməsi, əski xalq oyunları, qədim tarixə malik idman növləri və at yarışları ilə yadda qaldı. Hər il keçirilməsi nəzərdə tutulan Milli Yaylaq Festivalı 2020-2021-ci illərdə pandemiya səbəbindən təxirə salındı. Və nəhayət, 2022-ci il iyulun 29-da Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması, beynəlxalq miqyasda tanıdılması məqsədilə II Milli Yaylaq Festivalına start verildi. Qısa müddətdə heç bir yol, infrastruktur olmayan xam ərazidə bu qədər müxtəlif tematik məkan yaratmaq çox çətindi. Əraziyə Festivaldan öncə bir neçə dəfə gedən biri kimi deyə bilərəm ki, burada hər şey ilk dəfə idi. Bölgədə aramsız yağan leysan yağışlara baxmayaraq, II Milli Yaylaq Festivalının keçirildiyi etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər müxtəlif mövzulu sahələr quruldu, Qazaxıstanın məşhur musiqi qrupu “Turan”, Dağıstandan gələn noqay türklərinin “Aylanay” Folklor-etnoqrafik qrupu, Moldovanın Qaqauz Yerindən gələn “Sevda” folklor ansamblı və başqaları maraqlı çıxışları ilə gələnlərin ürəklərini fəth etdi. 


- Bəs, sizcə, təşkilatçılıqda nə çatışmır?

- Bu nəhəng işi təbii ki, Fond tək görə bilməzdi. Ən azından ərazinin aid olduğu rəsmi dairələr var, yolla bağlı, xarici qonaqların gəlməsi, qarşılanması, yerləşdirilməsi ilə bağlı, jurnalistlərə məsul qurumlar vardı. Yəni dəstəkçi və müxtəlif sahələri öz öhdəsinə götürən qurumlar vardı. Hər kəs öz işinə eyni məsuliyyətlə yanaşmır. II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edirdi. Festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulsa da, onların sayının 100 mini aşdığı vurğulanır… Milli Yaylaq Festivalının ideya müəllifi və layihə rəhbəri, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov ən çətin anlarda belə təmkinini pozmadan, üzündən təbəssümünü əskik etmədən inamla başladığı işi axıra çatdırmaq əzmi ilə çalışırdı. Nəticə isə göz qabağındadır. Təbii ki, bölgədə keçirilən ilk Milli Yaylaq Festivalına gəlmək istəyənlərin sayı ərazinin, yolun tutumundan qat-qat artıq idi. Böyük işləri xırda, cılız hisslərə qurban vermək istəyənlər də vardı. Bütün bunlara aydınlıq gətirmək məqsədilə təşkilatçılar, mən də aralarında idim, Gəncə şəhərində mətbuat konfransı keçirərək jurnalistlərin suallarını da cavablandırdılar. Hətta Bakıda olan jurnalistlərə onlayn qoşulmaları da təklif edilmişdi. Bütün suallarına ətraflı, dolğun, doğru və səmimi cavab alan jurnalistlər görülən işin çəkisinin ölçüyə sığmayacaq qədər ağırlığını dönə-dönə vurğuladılar. Könül dostu könüllülərin əməyi ayrıca vurğulanmalıdır. Tanış olmadıqları hava şərtləri, relyef, işin çoxluğu, yaylaq həyatının çətinlikləri onları qorxutmur, ən çətin işdən sonra da gözəl əhval-ruhiyyə ilə özlərində güc tapıb rəqs edə, şənlənə bilirdilər. Nəzakətli davranışları, xoş rəftarları ilə mənim də ürəyimi fəth edənlər oldu. Yaylaqda kondisioner, hamam axtaranlara isə heç sözüm yoxdur. İnsanlarımızın bu barədə çox soruşması o deməkdir ki, belə bir Festival üçün darıxıblar. Hər il yox, bir ildən bir keçirilməyi daha yaxşıdır. Hazırlıqlar, qonaqların dəvəti, təşkili və s. uzun vaxt alır, əziyyət tələb edir. Keçən il mən özüm noqayların və qaqauzların ansambllarını dəvət etdim. Onlarla bağlı nə qədər problem yaşadım. Onların öz sənədləşmə işlərində öz tərəflərindən. Çətin və çox əziyyətli iş oldu. Bunu ancaq ürəyində əsl türk sevgisi olan edə bilərdi.

-Səhv etmirəmsə, festivalda sənətkarlar da əl işlərini sərgiləyirdilər. Bu, əlbəttə, müsbət haldır. Sənətkarlar qazanc əldə edir, milli sənətkarlıq nümunələrini təqdim edirlər. Sənətkarlar üçün bu qapının bağlanması heç yaxşı olmadı.

- Kim deyir ki, sənətkarlar üçün qapı bağlanmışdı? Belə bir şey yoxdur. Elan verilmişdi. Hər kəs qaydalara uyğun olaraq sahədə yerləşmişdi. Öz məhsulunu, əl işi nümunələrini, topladığı müalicəvi bitkiləri sərgiləyib satan xalqın zəhmətkeş nümayəndələrinin bəziləri ilə hələ 2019-cu ildə I Milli Yaylaq Festivalında Gədəbəydə tanış olmuşdum. İsti havada çoxsaylı müştəriyə kətə, qutab, gürzə, kabab, plov, sütül bişirib satan sadə zəhmət adamlarını da gördük, müxtəlif şirkətlərin, qurumların əməkdaşlarını da, atlarına balacaları mindirib gəzdirən bölgənin gənc və yeniyetmələrini də gördük, qatığını, südünü, pendir və qaymağını çadırlarda qalanların istəyilə onlara satan yaylaq əhlini də gördük. Belə bir şəraiti onlara II Milli Yaylaq Festivalı yaratmışdı. 

- Bu festivalı ənənəyə çevirmək üçün sizcə, nə lazımdır? Növbəti illərdə festivalın yenidən dirçələcəyini gözləyə bilərikmi?

- Bütün bu proseslərin içərisində olan, təşkilatçılar arasında yer alan və bununla da qürur duyan biri olaraq qeyd etmək istəyirəm ki, bu Festival gələcək festivallara yeni yön verdi, dostluqlar quruldu, yeni-yeni layihələr meydana çıxartdı, Festivalın elmi yönünün artırılması istiqamətində işlərin görülməsinə, istiqamətlərin müəyyənləşdirilməsinə, yeni-yeni ideyalara yol açdı. Bir sözlə, Milli Yaylaq Festivalı bundan sonra da özünün rəngarəng mövzu və bölümləri, maraqlı qonaqları, mahnı, rəqs və meydan tamaşaları, xalq oyunları, milli idman növləri, yaylaq mətbəxi, milli geyimlər, tətbiqi sənət nümunələrinin sərgisi, türk xalqlarının göstərdikləri birlik, bərabərlik, həmrəylik və müxtəlif mədəni proqramların nümayişi ilə sevənlərini qucaqlamağa hazırdır. Artıq II Milli Yaylaq Festivalı da tarixə qovuşdu. Amma tarixdə dərin iz qoydu. Elə bir iz ki, cığıra, cığır yola döndü və bu yolu gedənlər, başda Milli Yaylaq Festivalının ideya müəllifi və layihə rəhbəri, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov olmaqla, yorulmadan, usanmadan, bütün çətinliklərə, maneələrə baxmadan irəliyə baxaraq III Milli Yaylaq Festivalı haqqında düşünürlər.