Məhkumlar peşə kurslarına cəlb edilir

Bu, onlarda gələcəyə inam yaradır

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Bakı İstintaq Təcridxanasında yeni pilot layihə başlanılıb. Layihənin məqsədləri haqqında qeyd edəcəyik. Öncə isə layihədə diqqətimizi çəkən bir məqama toxunmaq istəyirik. Verilən rəsmi məlumatlarda bildirilir ki, pilot layihə çərçivəsində məhkumlar aşpazlıq kurslarına cəlb ediləcək. Bu, onlarda yeni peşə bacarığının formalaşdırılması, eyni zamanda müəssisələrdə hazırlanan yeməyin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Kursları bitirən məhkumlara sertifikatlar təqdim olunacaq və nəticədə onlar azadlığa çıxandan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirə biləcəklər. Bu xəbər bizə “Sherg.az”da yayımlanmış “Ölüm aşbazı” - 218 növ “sonuncu nahar” bişirdi” yazısını xatırlatdı. ABŞ-nin Texas ştatındakı Huntsville həbsxanasının məhbusu Brayn Priç eyni zamanda həbsxananın aşbazı olub. Və cəzasını çəkdiyi 15 il müddətində məhz ölüm hökmü kəsilmiş 218 məhbusa sonuncu şam yeməyi bişirib. B.Priç edama məhkum edilmişlərin son arzuladıqları yeməkləri bişirməyə başlayıb. Məhbus-aşbaz məhbusların arzusunu yerinə yetirməyin qəribə, eyni zamanda qürurverici olduğunu deyib: "İlk dəfə yemək bişirdiyim edam məhkumu Laurens Buxton idi. Son istəyi özəl bir bifşteks idi, amma istədiyi yemək üçün mətbəxdə uyğun ərzaq yox idi. Tam istədiyi kimi olmasa da, ona gözəl bir bifşteks bişirdim. Əlimdən gələnin ən yaxşısını bişirdim. Ertəsi gün mənə edam məhkumunun hazırladığım yeməyi bəyəndiyini və mənə təşəkkür etdiyini söylədilər…” Məhbus-aşbaz naharın edam məhkumlarına necə təqdim edildiyini belə təsvir edirdi: “Edam günü yemək bir padnosa qoyulur, hörmət əlaməti üzəri örtülür, edamdan 2 saat əvvəl məhkuma təqdim olunur. Amma məhkumlar heç də hər zaman istədikləri yeməyi ala bilmir. Mətbəxdə əlinin altında nə varsa, təxəyyülünü işə salıb bir şeylər hazırlayıb ortaya çıxarmaq lazım gəlir”. Amerikalı məhbus-aşbazın həyat hekayəsini xatırlamağımız təsadüfi deyil. Bakı İstintaq Təcridxanası ilə yanaşı, ölkəmizdəki cəzaçəkmə müəssisələrində də icrasına başlanılacaq pilot layihə cinayətkar olsalar da, məhbuslarla humanist davranılmasına, onların müəyyən arzu və istəklərinin yerinə yetirilməsinə, həmçinin peşə əldə etmələrinə yardımçı olacaq. Xəbər verildiyi kimi layihənin əsas məqsədi məhkumların sosial reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili, azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı, onlar üçün maddi və mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası, yeni iş yerlərinin yaradılması, müxtəlif peşə sahələrinə yiyələnmələri və azadlığa çıxandan sonrakı həyatlarına qayğı göstərməkdən ibarətdir. Layihənin başlanılması münasibətilə keçirilən tədbirdə Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov, Ədliyyə Nazirliyi İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və başqaları çıxış edərək məhkumların fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, islah və tərbiyə işlərinin təkmilləşdirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş şəxslərin peşə təhsilinə və ictimai faydalı əməyə cəlb olunması sahəsində görülən tədbirlər barədə danışıblar. Qeyd olunub ki, bu cür tədbirlərin təşkili, müxtəlif ixtisas və peşələrə yiyələnmək məhkumların cəza müddətini başa vurub azad həyata qovuşandan sonra onların cəmiyyətə inteqrasiyasında, yeni həyata başlamaqda mühüm əhəmiyyət kəsb edir. Pilot layihənin icrasına başlanıldığı Bakı İstintaq Təcridxanasında məhkumlara göstərilən iaşə xidmətinin təşkili ilə tanışlıq olub. Müəssisənin ərzaq anbarında qidaların saxlanılma vəziyyəti və hazırlanmasına, mətbəxə və təcrübəli aşbazların təlim keçdiyi şəraitə baxış olub. Cəzaçəkmə müəssisəsində layihənin iştirakçısı olan məhkumlarla söhbət də onların gələcək fəaliyyətində öyrəndikləri peşənin böyük əhəmiyyət kəsb edəcəyinə inam oyadır. Pilot layihənin iştirakçısı Nihad Qəmbərov fikirlərini KİV-lə bölüşərək bunları deyib: “Məhkumluğa qədər hərbi qulluqçu olmuşam. Üç il müddətinə azadlıqdan məhrum edilmişəm. İndiyədək həmin müddətin yarısını çəkmişəm. Artıq on aydır ki, aşbaz peşəsinə yiyələnirəm. Güman edirəm ki, peşəkar aşbazların təlimləri nəticəsində bu peşəyə daha mükəmməl yiyələnə biləcəyəm. Məhkumluq müddətini başa vurandan sonra məhz bu sahədə çalışmağı da hədəf seçmişəm”. Təlimlərdə iştirak edən digər məhkumlar da gələcək fəaliyyətlərində yiyələndikləri peşə sahəsində çalışacaqlarını ifadə ediblər. Qeyd olunub ki, layihə digər islah müəssisələrində də tətbiq ediləcək.
İslah müəssisələrində tətbiq ediləcək layihə barədə “Sherg.az"a danışan qida mütəxəssisi Ağa Salamov həmin tədbirdə iştirak etdiyini və layihənin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirdi:

- Tədbir çərçivəsində peşəkar ekspertlər kursa cəlb olunan məhkumlara nahar menyusuna uyğun mühazirələr təqdim etdilər. Yeməklər məhbuslar tərəfindən peşəkar mütəxəssislərin nəzarəti altında hazırlandı, ekspertlər tərəfindən dequstasiya olundu, sonra da qonaqlara və məhkumlara təqdim edildi. Bu, çox müsbət bir aura yaradırdı. Çox şadam ki, mən də ekspert olaraq layihənin təqdimatında iştirak edirdim. Dövlətimizdən Allah razı olsun ki, bu şansı bizim üçün yaradır və biz də öz növbəmizdə təqsirləndirilən şəxslərin azadlığa çıxdıqları zaman özlərini cəmiyyətə yararlı olduqlarını onlara hiss etdirib, bəzi həyati bilgiləri də onlarla bölüşürük. Məhbusların məhkumluq müddətində müəyyən peşələrə yiyələnmələri müsbət haldır. Bu, məhbuslarda həm özünə inam yaradır, həm də gələcəyə. Məhbus məhkumluq həyatı bitdikdən sonra hansısa işlə məşğul ola biləcəyini bilir. Bu, məhbusun sosial həyata reinteqrasiyası üçün vacibdir. Hər hansı vətəndaş törətdiyi cinayətə adekvat olaraq məhkəmənin hökmü ilə hansısa şəkildə azadlıqdan məhrum edilirsə, məhkumluq həyatı yaşayırsa, bu, onun digər həyati istəklərindən məhrum edilməsi anlamına gəlmir. İnsan üçün ən böyük cəza azadlığının məhdudlaşdırılmasıdır. Amma dövlətimiz bu insanların cəmiyyətə yenidən qayıdışı üçün proqramlar icra edir. Məhkumların nahar menyusunun təkmilləşməsi, keyfiyyətinin artırılması da pilot layihəyə daxildir. Hesab edirəm ki, bu, məhbuslarda həyata bağlılığı artıracaq, onların dünyaya daha müsbət enerjili baxmasını təmin edəcək addımlardan biridir.