Keçmiş köçkünlərin keçmiş evləri...

Natiq Cəfərli: “O mənzillər şəhid ailələrinə, qazilərə verilməlidir”

44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra “Böyük Qayıdış” proqramının icrasıyla getdikcə daha çox sakininin doğma yurda qayıdışı təmin edilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi məlumatında qeyd olunur ki, Zəngilan rayonunun Ağalı kəndinə 108 ailə -526 nəfər, Tərtər rayonunun Talış kəndinə 20 ailə - 90 nəfər, Laçın şəhərinə isə 221 ailə - 858 nəfər köçürülüb. 

Qeyd edək ki, doğma yurdlarına qayıdan arasında Bakı, Sumqayıt şəhərlərində müvəqqəti məskunlaşmış keçmiş köçkünlər də var, həmçinin Abşeron rayonunun Masazır kəndində, Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksində vaxtilə məskunlaşdırılmış şəxslər də. Yəni doğma yurda qayıdanlar təkcə yataqxana, müxtəlif inzibati binalarda, yarımçıq tikililərdə məskunlaşanlar deyil. Onlar arasında dövlət sifarişi əsasında inşa edilmiş yeni binalarda mənzillə təmin edilənlər də var. Bəs boşalmış mənzillərin sonrakı taleyi necə olacaq? Bu məsələ hələ də ciddi müzakirə predmetidir. Xatırladaq ki, ötən ilin sentyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun “Ümid” qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin qiymətinin müstəqil qiymətləndirici tərəfindən müəyyən ediləcəyinə dair xəbər açıqlandı. Xəbərdə qeyd edilirdi ki, bu barədə məsələ “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası"nda əksini tapıb. Qaydalar Nazirlər Kabinetinin məlum qərarı ilə təsdiqlənib.
 Qaydaya əsasən, mənzillərin başlanğıc qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir və mənzillərin satışı açıq auksion formasında keçirilən hərracda həyata keçirilir. Vaxtilə məcburi köçkünlər üçün tikilmiş binalardakı mənzillərin təkrar hərraca çıxarılması suallar doğurur. Bir halda ki dövlətimiz şəhid və qazi ailələri, müharibə veteranları, digər kateqoriyadan olan əlillərin mənzillə təmin edilməsi üçün yeni binaların inşasını davam etdirir, hazır mənzillər niyə də sadaladığımız kateqoriyadan olanlara verilməsin? Mənzilləri təkrar satışa çıxarmaqla daha çox gəlir əldə ediləcək, yoxsa yeni binaların inşasına dövlət büdcəsindən daha çox vəsait xərclənir? 

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, birincisi, mənzillərin qiymətləndirilməsi əsaslandırılmalıdır: 

"Bilinməlidir ki, o mənzillər hansı meyarlarla qiymətləndirlir, bazar qiyməti əsas götürülür, yoxsa  bu, dövlətin təyin etdiyi qiymətləndirmə ilə uyğundur. Məlum məsələdir ki, haqqında danışılan mənzillər şəhərətrafı qəsəbələrdədir, mərkəzdən kənardadırlar. Belə olan halda mənzillərin qiyməti baha olmalı deyil, ucuz, sıravi vətəndaşa əlçatan səviyyədə olmalıdır. İkincisi və əslində daha önəmlisi budur ki, niyə “Qaçqınkom”, eləcə də ƏƏSMN bu mənzilləri satmağa tələsir? 
O binalar dövlət vəsaiti hesabına inşa edilib. Bəli,torpaqlarımız işğaldan azad edilib və vaxtilə doğma yurdlarından köçkün düşmüş, Ermənistanın hərbi təcavüzü nəticəsində evlərindən zorla çıxarılmış vətəndaşlarımız indi doğma torpaqlara qayıdırlar. O zaman bu mənzillər şəhid ailələrinə, qazilərə və ehtiyaclılara, sosial qayğıya ehtiyacı olan digər təbəqələrin insanlarına verilməlidir. Şəhid ailələri, qazilərin mənzil ehtiyacları tamamilə ödənərsə, yerdə qalan mənzillərin ehtiyaclı insanlara verilməsi reallaşa bilər. İstifadəsiz qalan mənzillər ordu fonduna da verilə bilər. Zabitlər mənzillə təmin olunar. Dövlət bu binalara xərc çəkib. Dövlət vəsaiti, vətəndaşların vergiləri hesabına tikilmiş binalar yenidən satışa çıxarılacaqsa, bunun səbəbini izah etməlidirlər. O binalar satışa çıxarılacaqsa, hansısa şirkət alacaq, sonra yenidən əhaliyə satacaq. Bu qədər şəhid ailəsi, qazimiz, uşaq evlərini tərk edən gəncimiz varsa, bu mənzillər dövlət tərəfindən onlara paylanmalıdır. Ümumiyyətlə, bir halda ki, bu binalar dövlət vəsaiti ilə tikilib, deməli, burda hər bir vətəndaşın payı var. Çünki hər birimiz vergi ödəyicisiyik və dövlət büdcəsinin formalaşmasında bizim hər birimizin payı var".