"Yol infrastrukturunun təkmilləşdirilməsi işi aparılsa da, Bakı və ətrafında bağ evləri olan qəsəbələrdən dairəvi yolların çəkilişinə ehtiyac var".
Bunu "Sherg.az"a nəqliyyat eksperti İlqar Hüseynli Bakının tıxac problemindən danışarkən deyib. Onun sözlərinə görə, dairəvi yolların çəkilişində yalnız avtomobil deyil, digər nəqliyyat vasitələrinin infrastrukturunun yaradılması da təmin edilməlidir:
"Metrobus, tramvay, trolleybus xətləri qurula bilər. Eyni zamanda Bakı-Sumqayıt yolu istiqamətində yol ötürücülərinin imkanlarını artırmaq mümkündür. Tıxac metrostansiyası fəaliyyət göstərməyən yerlərdə yüksək həddə çatır. Tramvay, trolleybus xətti olmadığı üçün bütün daşınmalar yerüstü nəqliyyatın payına düşür. Eyni zamanda Azərbaycanın quru sərhədlərinin bağlı qalması daxili turizm və bağ evlərinə olan tələbatın həcminin artmasına gətirib, çıxarır. Statistikaya baxsaq, xeyli sayda insan sərhəddənkənar ölkələrə üz tuturdular.
Adətən, yay aylarında öz nəqliyyat vasitələri ilə doğma yurdlarına gedib, qalırdılar. İndi isə bu imkanlar tükənib. Bakını sanki qapalı şəhər etmişik. Bu da yay aylarında paytaxtda şəxsi nəqliyyat vasitələrinin azalmasını əngəlləyir. Nəticədə sıxlığa şahidlik edirik".
Qeyd edək ki, qızmar yay günlərində saatlarla tıxacda qalmaq həm sürücüləri, həm ictimai nəqliyyatdan istifadə edənləri yorur, gərginliyə salır, əsəblərini tarıma çəkir. Yay fəslində əsasən də, bağ evlərinə yay üz tutanların sayı artır. Bağ evlərinə gedən istiqamətdəki yollarda hər gün səhər və axşam saatlarında tıxac problemi yaşanır.