Narahatlıq müvəqqətilikdən çıxıb! - Piyada keçidi PROBLEMİ

Paytaxtda səkilərin zəbt edilməsi çox ciddi məsələdir

Vətəndaşların sərbəst hərəkəti məhdudlaşır, həyatlarına təhlükə yaranır

“Bu eybəcərlikləri əks etdirən fotolar, videolar sosial şəbəkələrdə, internetdə nə qədər yayılır, amma ölçü götürən yoxdur. Buna kimsə icazə verib də...”

  Paytaxtda səki problemi var və bu, az qala hər addımda özünü büruzə verir. Əksər küçələrin səkiləri ya hansısa restoran, kafe-bar tərəfindən zəbt edilib, ya geyim, ərzaq mağazası, marketlər, ya da avtomobillər tərəfindən. Küçə satışı da bir yandan səkilərdə ayaq basmağa yer qoymur. Qısası, piyadaların sərbəst hərəkətinə maneələr olduqca çoxdur. Tikintilərdən heç danışmayaq. “Vacib” iş görürlər. Hər tikinti meydançasının önünə də “müvəqqəti narahatlığa görə üzr istəyirik” yazılmış lövhə qoymaqla guya ki, vətəndaşdan üzrxahlıq edirlər. Şəhərdəki müvəqqəti narahatlıqlar isə bitmir. Narahatlıqlar daha müvəqqətilikdən çıxıb, daimiləşib. Eyni problem Xəzər rayonu, Binə qəsəbəsi, “Südçülük sovxozu” adlanan ərazidə də yaşanıb. Əslində vətəndaşların hərəkəti üçün nəzərdə tutulan səki yaxınlıqda yerləşən mağazanın tikinti materialları ilə zəbt olunub. Bununla bağlı “Xəzər TV” reportaj yayımlayıb. Videodan görünür ki, mağaza səkini tikinti materialları zəbt etdiyindən piyadalar səki ilə deyil, yolun hərəkət hissəsi ilə addımlamaq məcburiyyətində qalıb. Bu isə, əlbəttə ki, piyadaların həyatına təhlükə yaradır. Günün pik saatlarında isə ərazidə gediş-gəliş lap çətinləşir. Tikinti materiallarının aid olduğu mağazadan isə bildirilib ki, problem həll ediləcək. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən ünvana baxış keçiriləcək və müvafiq tədbir görüləcək. Nəhayət günün sonunda Binə qəsəbə nümayəndəliyindən göndərilən fotolardan aydın olub ki, səki boşaldılıb və vətəndaşların gediş-gəlişinə maneə aradan qaldırılıb.
  Paytaxtda səkilərin zəbt edilməsi probleminə toxunan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu, çox ciddi məsələdir:

" Paytaxtda səkilərin zəbt edilməsi, həqiqətən də çox ciddi problemdir. Vətəndaşların sərbəst hərəkəti məhdudlaşır, həyatlarına təhlükə yaranır. Səkilərin zəbt edilməsinə dair istənilən qədər fakt ortaya qoymaq olar. Şəhərdə kiçik bir gəzinti etmək və ətrafı müşahidə etmək kifayətdir ki, səkilərin necə zəbt edildiyini görəsən. Demək olar, bütün restoranların, kafelərin ərazisi səkilərin ayağınadək “uzadılıb”. Piyadalar üçün keçməyə yer qalmayıb. Elə restoranlar var, bütün səkini zəbt edib, restorandan küçəyə birbaşa çıxış açılır. Halbuki orada səki var, amma həm də yoxdur. Bu eybəcərlikləri əks etdirən fotolar, videolar sosial şəbəkələrdə, internetdə nə qədər yayılır, amma ölçü götürən yoxdur. Buna kimsə icazə verib də. Özbaşına etməyiblər. Bu icazəni verənlər, buna göz yumanlar cəzalanmalıdır. Bu məsələdə rəsmi qurumlar əlbir işləməlidir. Problem təkcə Yerüstü Nəqliyyat Agentliyinə aid olmamalıdır. Rayon icra hakimiyyətləri, sahə müvəkkilləri, bələdiyyələr də problemi birlikdə həll etməlidirlər. Bu, yerli əhəmiyyətli məsələ olduğu üçün bələdiyyələr kənarda qalmamalıdır. Amma məsələ burasındadır ki, ərazilər bələdiyyələrin mülkiyyətinə verilməyib. Ona görə də bələdiyyələr müdaxilə etməkdə çətinlik çəkir".
V.Tofiqli qeyd etdi ki, problemlə mübarizədə ideoloji təbliğat da əhəmiyyətlidir:
" Yaxşı ki vətəndaşlar bəzi problemləri işıqlandırır. Bu, müsbət haldır. Vətəndaş cəmiyyətinin aktivliyi bir çox problemlərin həllində mühüm rol oynayır. Bununla belə, hesab edirəm ki, sahibkarlarla ideoloji iş aparılmalıdır. Mağazanın önündəki səkini zəbt edən sahibkar bilir, görür ki, səkini zəbt edir, piyaladaların hərəkətinə mane olur. Amma yenə edir. Bu, vətəndaş məsuliyyətsizliyidi. Hardasa küçə təmir olunur, səkiyə daş düzülürsə, piyadaların rahat keçidi də təmin edilməlidir. Səkidə təmiz bir cığır aça bilərlər, vətəndaşlar üçün. Ancaq etmirlər, “təmirdir”, deyib, bütün səkini, yolu bağlayırlar. Ümumiyyətlə, hesab edirəm ki, mağaza, satış obyektlərinin, restoranların, digər iaşə obyektlərinin səkiyə doğru hansı ölçüdə irəli çıxa bilməsinə dair normalar müəyyənləşməlidir. Avtomobillərin səkilərin üzərində parklanmasına isə qəti qadağa qoyulmalıdır".