"Qida təhlükəsizliyinin əsas şərti tarladan süfrəyədək qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyi qorumaqdır. Həmçinin əsas məsələ qidanı hər cür fiziki, mikrobiloji və kimyəvi çirklənmədən qorumaqdan ibarətdir".
Bunu "Sherg.az"a qida mütəxəssisi Asim Vəliyev "Rahat" marketdə satılan şokoladın içərisindən qurd çıxması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, şokoladda qurd çıxması az hallarda baş verən hadisə olsa da, bəzən rast gəlirik:
"Qurdlar şokoladda olan kakao və digər maddələrlə qidalanır. Qurdlu şokoladı yemək sağlamlıq problemlərinə gətirib, çıxara bilər. Şokolad alarkən düzgün şərtlərdə saxlandığına və istehsal tarixinə diqqət etməliyik. Şokoladda qurd əmələ gəlməsinin bir neçə səbəbi var. Bunlardan ilki şokoladın saxlanma şərtlərinə riayət olunmamasıdır. Əgər şokolad rütubətli və yüksək temperaturda saxlanıbsa, bu mühitdə yaşaya bilən qurdlar yumurta buraxaraq, çoxala bilər. Nəticədə şokoladda qurdlar ortaya çıxar. İkinci səbəb isə şokoladın istehsal mərhələsində tərkibinə mikroorqanizmlərin və yumurtaların bulaşmasıdır.
Bu yumurtalar şokoladın tərkibində münbit, (yəni rütubətli və temperaturu yüksək şərait olduqda) çoxalır və qurdlar əmələ gəlir. Həmçinin istehsal mərhələsində istifadə olunan kakao və fındıq kimi xam maddələrin içərisində qurd yumurtaları ola bilir. Bu hal istehsal prossesində diqqətdən yayınır, beləliklə qurd əmələ gəlir. Şokolad istehsalçısı şokoladı saxlayarkən gigiyenik şərtlərə riayət etmədikdə, həşəratlar və qurdların şokolada əlçatanlığı üçün şərait yaratmış olur. Digər bir səbəbi şokoladın qablaşdırılmasının düzgün olmaması, hava, rütubət və zərərli mikroorqanizmlərin içəri daxil olmasıdır. Bu halda da şokoladda qurd peyda olur. Düzgün qablaşdırma olmadıqda və ya qablaşdırmada pozuntular baş verdikdə, şokoladların daşınması əsnasında nəqliyyat vasitəsinin saxlancında saxlanma şərtlərinə riayət edilmədikdə xüsusilə də, rütubət və yüksək temperaturda qurdlar içəri daxil ola bilir. Şokoladın istehsal prosesində istifadə olunan xam maddələrin keyfiyyəti də önəmlidir. Bu maddələrin düzgün şərtlərdə saxlanılmaması və ya emalı şokoladın içərisinə zərərli mikrorqanizmlərin bulaşması, qurdun yaranmasının başlıca səbəbidir. Ona görə də qida zəncirinin bütün mərhələlərində bütün şərtlərə diqqətlə yanaşılmalı və nəzarət tədbirləri artırılmalıdır. Qida təhlükəsizliyi istehsalçının vicdanına buraxılmayacaq qədər vacib məsələdir".
Qeyd edək ki, "Rahat” marketdə satılan şokoladın içindən qurd çıxıb. Bununla bağlı videogörüntülər yayılıb. Görüntülərdən aydın olur ki, şikayətçi qonaq üçün aldığı şokoladı açır və qurdla dolu mənzərə ilə qarşılaşır.