Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasilatın başlanğıcından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunub.
Bu barədə “Report”a “Şahdəniz” yatağının operatoru olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Bildirilib ki, 200 milyardıncı kubmetr qaz avqustun 26-da, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz boru kəmərinin istismara verildiyini elan ediləndən 16 il yarım sonra əldə olunub.
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri “Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.
“Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni “Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.